Vətəndaşların ad-soyadlarını qanunsuz dəyişən rəisə 9 il həbs cəzası verildi

ÖLKƏ
12:12 / 12.12.2024
123

Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham edilən sabiq şöbə rəisi Elşən Quliyevə hökm oxunub.

Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi E.Quliyevə 9 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 311 və 312-1-ci (rüşvətalma və nüfuz alveri) maddələri üzrə təqsirli bilinib.

Qeyd edilib ki, E.Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb.

Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində alması, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsi müəyyən edilib.
 

0