"30 ildir ki, susqunluqla əksər universitetləri bataqlığa çevirmişik" - Ekspertdən açıqlama

ÖLKƏ
13:03 / 13.12.2024
544

“Elm və Təhsil naziri neçənci dəfədir ki, universitetlərdə elm və təhsilin səviyyəsi bağlı tənqidi fikirlər bildirir. Universitet rektorlarının buna reaksiya verməməsinin səbəbi bəllidir. Təhsil sistemində elə bir mühit yoxdur ki, rektorlar  nazirin dediyi hansısa məsələyə “yox” desinlər. Amma  “hə” də deyə bilmirlər.  Çünki,  “hə”  desələr, nazirin hansısa təklifini dəstəkləsələr,  onda nazirlik bu təklifin reallaşdırılmasını istəyəcəkdir.  Təhsildə hər hansı təklifi reallaşdırmaq, hansısa dəyişiklik etmək, asan məsələ deyil. Bunun üçün bir və ya bir neçə layihə icra etmək lazım olacaqdır.  Layihə icrasına isə  maliyyə lazımdır.  Rektorlar da bilir ki, nazirlik bu layihələrə maliyyə ayırmayacaq. Universitetin də elə bir maddi imkanı yoxdur. Ona görə nə “hə”, nə də “yox” deyirlər. Hər bir iş də qalır əvvəlki vəziyyətdə. Heç nə dəyişmir, heç bir inkişaf olmur”. 

Bu sözləri Hit.az-a təhsil eksperti İlham Əhmədov bildirib.

O deyib ki, hazırda universitetlər publiq hüquqi şəxs (PHŞ) olandan sonra onlar  nazirlikdən daha pul gözləmirlər (əslində heç əvvəl də təhsil layihələrinin icrası üçün universitetlərə pul verilmirdi). Bu səbəbdən də rektorlar nə “yox”, nə də “hə” deyə bilmirlər:

 “Susqunluğa üstünlük verirlər, ancaq unutmaq lazım deyil ki, susqun, sakit sakit mühitdə bataqlıq  yaranır.   30 ildir ki, susqunluqla əksər  universitetləri bataqlığa çevirmişik. Nazirdə bilir ki, maliyyə ayrılmasa  universitetlərdə heç bir inkişaf olmayacaq, onun dediyi sözlər havada qalacaq, amma  nəsə söz deməlidir hər halda.  Amma ümumi sözlər deməkdənsə, konkret proqramlar hazırlansın,  bu proqramların icrasına maliyyə ayrılsın. Bu bütün dünyada belə həll edilir. Məlumdur ki, hazırda təhsilin büdcəsi 5 milyard  manatdır. Müstəqillik tarixində heç vaxt təhsildə bu qədər büdcə olmayıb. Ötən illər ərzində büdcə 5 dəfə artıb, ancaq təhsildə  inkişaf  hiss edilmir, əksinə, ilbəil geriləmə var. 
Analoji hal elm sahəsində də müşahidə olunur. 30 il ərzində elmin inkişafı, elmi tədqiqatların maliyyələşməsi çox aşağı səviyyədə olub. Bu səbəbdən də elmin bir çox sahələrində  heç bir ciddi elmi nəticələr yoxdur”.  

Ekspert onu da deyib ki, bu gün heç universitetlərdə də  elmi-tədqiqat aparmaq üçün zəruri şərait yoxdur. Müəllimlər uzun müddətdir ki, ixtisas artırma kursu keçmirlər: 

“Onlar  aldığı az əmək haqqı ilə elmi məqalə yazıb, xarici  jurnallarda dərc etdirə bilməzlər. Bu xüsusi fondlar vasitəsi ilə maliyyələşməlidir. Alimlərimizin xarici ölkələrə elmi ezamiyyələrə getməsi də ciddi problemdir”. 

Həmsöhbətimizin dediyinə görə,  təhsilə dair əksər inkişaf proqramları  maliyyə problemlərinə görə icra edilmir, elə kağız üzərində qalır.  Universitetlərin qazandığı cüzi  maliyyənin istifadəsi də şəffaflığın təmin olunması  da çox vaxt  təmin edilmir.  Ona görə də “Hesablama Palatası” yoxlama zamanı  universitetlərdə  tez-tez maliyyə pozuntuları aşkar edir:

 “Bu yaxınlarda Emin Əmrullayev çıxışında bildirib ki, doktoranturada oxuyanların cəmi 10 faizi vaxtında müdafiə edib. Belə davam etsə bəzi elmi müəssisələrdə doktoranturaya ayrılan plan  yerləri  ixtisar olunacaq. Bununla bağlı bildirmək istəyirəm ki, doktoranrların cəmi 10 faizin müdafiə etməsi təbii ki, yaxşı hal deyil, ancaq reallığı nəzərə alsaq, başqa nəticə gözləmək də mümkün deyil. Hətta bu 10 faizin də necə müdafiə etməsi  şübhəlidir. Çünki , onlar 3 il ərzində həm ingilis dilini yüksək səviyyə öyrənib minimum imtahanı verməli, həm dissertasiya yazıb, onu müzakirə və müdafiə etməlidir. Indiki reallıqda bu işlər 3 il yox 5-7 il vaxt lazımdır.  Danılmaz faktdır ki, bu gün nə orta məktəb,  nə bakalavr, nə də magistr təhsil pilləsi keyfiyyətli deyil. Gələcək alimlər bu gün məktəbdə yox, əsasən repetitorların  yanında orta təhsil alırlar. Bu  onların təfəkküründə dünyanın vahid, tam mənzərəsini yaratmır, fənlərin inteqrasiyası baş vermir, onlarda  elmi dünyagörüşü formalaşmır.  Sonra da 300-400 balla universitetə qəbul olub, ala-yarımçıq ali təhsil və magistr təhsili alırlar. Belə şəraitdə 10 faiz doktorantların müdafiə etməsi  hələ yaxşı nəticədir. Onu da deyim ki, 10 faiz göstəricisi tək bizdə deyil, Rusiyada da bu vəziyyətdir. Nəzərə almaq lazımdır ki, Rusiyada elm və təhsilin səviyyəsi bizdən qat-qat yüksəkdir, amma onların da doktorantlarının  10 %-i  vaxtında müdafiə edirlər. Bu problem sovet vaxtı da belə olub. Xatırlayıram ki, o zaman aspiranturanı bitirənlərin cəmi 1 %-i vaxtında  dissertasiya müdafiə edə bilirdi. Aspirantların  ənənəvi illik elmi konfransları olurdu.  80-ci ilin əvvələrində mən aspirant olanda 3 ildə 3 dəfə belə  konfransda iştirak etdişdim.  O vaxtki ali  və orta ixtisas naziri Q. H,Əliyev  deyirdi ki, hansısa  əyani aspirant vaxtında müdafiə etsə, mən nazir olaraq , söz verirəm ki, onu həmən kafedraya müəllim təyin edəcəm. Yəni,  belə problemlər  o vaxtı da olub. 3 il ərzində elmi problemlərə nüfuz etmək, araşdırmaq, məqalələr yazmaq, doktorant üçün elə də asan məsələ deyil. Şəxsən mən 80-cı illərdə aspiranturaya qəbul olunana qədər 3 il elmi-tədqiqat institunda elmi işçi işləmişdim. Mənim 6-7 məqaləm dərc edilmişdi, elmi  konfranslarda məruzələr etmişdim.  Bu səbəblərdən  vaxtında müdafiə edə etdim.  Doktoranturaya elə adamlar götürülməlidir ki, onların  elmi təcrübəsi, heç olmasa 2-3 məqaləsi, elmi fəaliyyət təcrübəsi və elmə həvəsi  olsun”.

Ekspert hesab edir ki, doktorantlardan yüksək səviyyədə ingilis dili bilmə tələbi də indiki zamanda aktual deyil:

"Məktəbdə və ali təhsil müəssisələrində ingilis dilinin tədrisi səviyyəsi zəifdir, doktorantların yüksək səviyyədə ingilis dili öyrənməsinə xeyli vaxt və enerjiləri sərf edilir. Elmi məqalələri tərcümə etmək üçün bu gün süni intelekt və digər vasitələrdən istifadə etmək mümkündür. Dil öyrənməyə itirilən vaxtı isə elmi fəaliyyətə həsr etmək olardı.  Alim öz sahəsi üzrə yeni işlər görməli, bu sahədə inkişaf etməlidir. İngilis dili bilgiləri isə illər ərzində təkmilləşərək, tələb olunan səviyyəyə çatacaq.  Hər halda alimi  tərcüməçi kimi  hazırlamaq düz deyil.  Bu kimi səhv qərarlar gəncləri elmdən  uzaq saxlayır.  Digər tərəfdən də statistika idarələri bildirir ki, Bakı şəhəri üzrə orta əmək haqqı 1200 manatdır.  Amma alimlərin maaşı ortalama 500-600 manatdır.  Bu maaşa istedadı olan gənclər elmə gəlməzlər.  Elmə, alimə  dəyər vermək, alimlərin sosial müdafiəsini  gücləndirmək  lazımdır. Bu halda istedadlı gənclərin  elmə meyl etməsi mümkün olar."

Sevinc

0