Şimali Koreya Rusiyaya böyük sayda özüyeriyən haubitsalar tədarük edir

DÜNYA
14:13 / 20.12.2024
97

Rusiya Ukrayna ilə müharibənin ilk günlərində təxminən 2 min tırtıllı haubitsadan istifadə etmişdi, lakin son 34 ayda bu silahların ən azı 800-ü itirilib. 

HİT.az xəbər verir ki, "Forbes" jurnalının məlumatına görə, hazırda Rusiyada yeni haubitsaların istehsalı tələbi ödəyə bilmir, SSRİ dövründən qalan ehtiyatların isə təxminən yarısı tükənib. Bu vəziyyətdə Şimali Koreya son altı həftə ərzində ikinci dəfə öz haubitsalarını Rusiyaya göndərib.

Şimali Koreyanın göndərdiyi haubitsalar, M1989 modeli, dünya üzrə yalnız bu ölkədə istehsal olunan 170 mm-lik mərmilərdən istifadə edir. Əksər Rusiya artilleriya sistemləri isə 122 və ya 152 mm-lik mərmilər üçün nəzərdə tutulub. Analitiklərin fikrincə, Şimali Koreya Rusiyaya milyonlarla mərmi tədarük edərək işğalçı qüvvələrə gündə 10 minə qədər atəş açmaq imkanı yaradır.

Bundan əvvəl Şimali Koreya Rusiyaya 122 və 152 mm-lik mərmilər tədarük edirdi, lakin bu mərmilər Rusiyanın özündə də istehsal edilə bilərdiAmma M1989 haubitsaları və onların 170 mm-lik mərmiləri ilə vəziyyət fərqlidir. Bu silah üçün bütün istehsalat müəssisələrinin yalnız Şimali Koreyada yerləşməsi Rusiyanın bu ölkədən asılılığını daha da artırır.

ABŞ-ın Hind-Sakit okean Komandanlığının rəhbəri admiral Semuel Paparonun sözlərinə görə, Moskva Şimali Koreyaya raket və sualtı qayıq texnologiyaları ötürə bilər. Bu, Şimali Koreyanın nüvə başlıqları ilə təchiz olunmuş və sakit işləyən sualtı qayıqların yaradılmasını sürətləndirə bilər.

Analitiklərin fikrincə, bu əməkdaşlıq birtərəfli fayda yaradır. Rusiya artilleriya təminatı əldə etsə də, Şimali Koreya strateji üstünlüklər qazanır. Əgər Pxenyan Moskvanın tələblərinə cavab verməzsə, Rusiyanın hərbi potensialına ciddi zərbə vurula bilər.

Samir

0