Yeni ilə sayılı günlər qalıb və hər kəs bu bayramı fərqli şəkildə qeyd etməyə hazırlaşır. Elə paytaxtda fəaliyyət göstərən restoranların əksəriyyəti də özəl "Yeni il gecəsi" şənlikləri tərtib ediblər. Artıq bir çox restoranlarda yer tapmaq müşkülə çevrilib. Bəs qiymətlər necədir? Yeni il şənliyi bizə neçəyə başa gələcək?
Lent.az Yeni il gecəsində fələkdən bir gün oğurlayıb restoranlarda yeyib-içib, əylənməyin, yoxsa evdə oturub televizorda şou-proqramları izləməyin sizə daha uyğun olduğuna qərar verməyiniz üçün kiçik bir araşdırma edib.
Yasamalda yerləşən gözoxşayan məkanlardan birində Yeni il gecəsi əyləşəcəyiniz masaya görə ödəyəcəyiniz qiymət 120-150 AZN arasında dəyişir.
Menyu və şou-proqramının daxil olduğu bu məbləğ qarşılığında canlı ifaları ilə müğənni Nəsimi Məmmədov zövqünüzü oxşayacaq.
Şıxovda yerləşən dənizkənarı restoranlardan birində də qiymətlər oxşarlıq təşkil edir. Sadəcə burada daha kiçik bir zalda əyləşərək 70 manata da 2025-ci ili qarşılaya bilərsiniz.
Qiymətə isə bayram menyusu, DJ, Rich Band, müğənnilər, Şaxta Baba və Qar Qızın olduğu əyləncə daxildir.
Nizami rayonu ərazisində olan məkanlarda isə qiymətlər müxtəlifdir.
Maraqlandığımız restoranlardan birində 1 nəfərlik menyu qiyməti 85 AZN təşkil edir. Ödənişə menyu və şou-proqram daxildir. Yeni il axşamı bu restoranda Elvin Abdullayev, Məcnun musicband, Darbuka şou, həmçinin Şaxta Baba və Qar qız personajlarının çıxışına şahidlik edə bilərsiniz.
Qeyd edək ki, burada 5 yaşa qədər ödənişsiz, 5-10 yaş arası uşaqlar üçün isə 35 AZN depozit nəzərdə tutulub.
Digər bir məkanda isə Yeni il gecəsi üçün hazırlanan şou proqramda iştirak etmək bir nəfər üçün 120 manatdır. Həmçinin, gecənizi müxtəlif musiqili qonaqlar daha da maraqlı edəcək.
Bu ərazidə yerləşən başqa bir restoranda Yeni il şousunda iştirak isə 300 manatdır. Qiymət bir nəfər üçün nəzərdə tutulub. Ödənişə bayrama özəl menyu daxildir.
Binəqədi rayonunda yerləşən restoranlarda da qiymət “dodaq uçuqladır”.
Bu ərazinin ən tanınmış hesab edilən məkanında qiymətlər 300 manatdan başlayır. Yeni il gecəsində iştirak etmək istəyənlər bilet əldə etməlidir. Biletlərin qiyməti 300, 400 və 500 manatadır. Qiymətə şouda iştirak və bayrama özəl menyu daxildir.
Şəhərin mərkəzindən bir qədər uzaq məsafədə olsa da, Zığ şossesində də bahalı məkanlar var. Burada qiymətlər seçdiyiniz masaya görə müəyyən olunur. Bir nəfər üçün qiymət 180, 220,160 manat arasında dəyişir. 12 yaşa qədər uşaqlar üçün isə 50 manat tələb edilir.
Bayıl yerləşən restoranlarda isə qiymətlər nisbətən münasibdir. Araşdırdığımız məkanlardan birindən bildirilib ki, qiymət seçdiyiniz masaya görə 80 manatla 100 manat arasında dəyişir.
Sadaladığımız qiymətlər çoxunun “əlini yandıra” bilər, amma Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məsələ ilə bağlı bildirilib ki, sahibkarlar qanunvericiliyə əməl etməklə göstərdikləri xidmətlərin qiymətini sərbəst müəyyənləşdirmək hüququna malikdirlər.
Əsas olan köhnə illə harada vidalaşacağınız yox, Yeni ili necə qarşılayacağınızdır. 2025-ci ildə hər kəsə yeni xoşbəxtliklər, sonsuz ümidlər və bol şans arzulayırıq.