Gələn il sülh sazişi imzalanacaq?

SİYASƏT
12:27 / 31.12.2024
490

“Gəlin il Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmirəm”. 

Bu sözləri politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a açıqlamasında 2025-ci ildə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanıb-imzalanmayacağı ilə bağlı suala cavab verərkən bildirib. 

Onun sözlərinə görə, Ermənistan ilk növbədə Azərbaycanın şərtlərini yerinə yetirməlidir:

“Sülh sazişinin bir çox müddəaları razılaşdırılıb, amma razılaşdırılmayan müddəalar da var. Hər iki ölkə arasında bu istiqamətdə danışıqlar aparılır. Qeyd edim ki, sülh sazişinin imzalanmasından öncə bir sıra məsələlər öz həllini tapmalıdır. 

Birincisi, həm Ermənistan, həm də Azərbaycan beynəlxalq məhkəmələrdə bir-birinə qarşı iddialarından əl çəkməsi barədə razılığa gəlməlidir. İkincisi, Avropa İttifaqının Müşahidə Missiyası Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılmalıdır. Hələ ki, hər iki məsələ barədə razılaşma yoxdur. 

Xüsusilə vurğulayım ki, sülh sazişinin bütün müddəaları üzrə razılıq əldə olunsa belə, bu, sazişin nə zamansa imzalanacağı anlamına gəlməyəcək. Prezident Rusiya televiziyasına son müsahibəsində bildirib ki, sazişin imzalanmasından əvvəl Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir”. 

Ekspert deyib ki, birincisi, Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların ləğv olunması üçün konstitusiya dəyişikliklərinə getməlidir: 

“İkincisi ATƏT-nin Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi üçün Azərbaycanla birgə ATƏT-ə müraciət etməlidir. Ermənistan Azərbaycanın bu iki şərtini mütləq şəkildə icra etməlidir. Əks təqdirdə, sazişin imzalanması qeyri-mümkün olacaq. Ancaq reallıq onu göstərir ki, Ermənistan hakimiyyəti gəlin il konstitusiya dəyişikliklərinə getmək niyyətində deyil. Bu prosesi 2026-ci ilə qədər uzatmağa çalışacaq. 

Bununla yanaşı, Ermənistan sürətlə silahlanır və Ermənistan ictimaiyyətində revanşist hislər oyanmaqdadır. Son zamanlar keçirilən sorğuların nəticələrinə görə, Ermənistan ictimaiyyəti konstitusiya dəyişikliklərinin əleyhinədir. Bu baxımdan, 2025-ci ildə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmirəm”. 
 

0