Yaxın Şərqin ən güclü iki dövləti olan Türkiyə və İsrail, Suriyada regional ambisiyalarını açıq şəkildə nümayiş etdirməyə başlayıblar.
HİT.az xəbər verir ki, "The Economist"in yeni təhlilinə görə, bu iki ölkə arasında artan gərginlik Suriyada yeni bir proksi münaqişənin başlanğıcını qoyur.
Son həftələrdə Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Suriyanın müxtəlif bölgələrindəki hərbi hava bazalarını ziyarət edərək, bu obyektlərin hava hücumundan müdafiə sistemləri və silahlı pilotsuz uçuş aparatları ilə təchiz edilməsi planlarını hazırlayıblar. Məlumatlara görə, bu planlar Türkiyənin Palmira yaxınlığındakı T4 aviabazasını ələ keçirməyə hazırlaşdığına işarə edir.
Lakin 2 aprel gecəsi İsrail hərəkətə keçib. İsrailə məxsus qırıcılar T4 bazasının uçuş-enmə zolağına və radar sistemlərinə zərbələr endirib. Eyni zamanda, ən azı iki başqa baza və bir neçə hərbi obyekt də İsrailin hədəfində olub.
Bu hücumlar, İsrailin Suriyada artan Türkiyə aktivliyindən ciddi narahat olduğunu açıq şəkildə nümayiş etdirib.
İsrailin xarici işlər naziri Gideon Saar Suriyanın Türkiyə protektoratına çevrilə biləcəyindən narahatlığını ifadə edib. Müdafiə naziri İsrael Kaats isə Suriyadakı liderləri, İsrailə düşmən qüvvələrin bu ölkəyə daxil olmasına icazə verdikləri halda, bunun bədəllərini ağır şəkildə ödəyəcəkləri ilə hədələyib.
İsrail Türkiyənin Suriyada yeni hökumətin ordusunu silahlandırmaq və orada daimi hərbi bazalar qurmaq planlarından narahatdır. Digər tərəfdən, Türkiyə İsrailin Suriya dövlətini parçalamağa çalışdığını düşünür. Hər iki tərəf qarşı tərəfi proksi müharibəyə hazırlıqda ittiham edir.
İsrailin təkrar-təkrar Suriya hərbi infrastrukturlarına endirdiyi zərbələr nəticəsində Əsəd rejiminə məxsus bir çox sovet istehsalı köhnə təyyarələr sıradan çıxarılıb. "Onlar, İsrailin təhlükəsizlik maraqlarına təhdid hesab etdikləri hər bir hərbi potensialı məhv etdilər", deyə keçmiş türk diplomatı və hazırda “Karnegi Beynəlxalq Sülh Fondu”nda çalışan Alper Koskun bildirib.
İsrail rəsmiləri Suriya müvəqqəti prezidenti Əhməd əş-Şaraya etibar etmədiklərini gizlətmirlər. Müdafiə naziri Kaats onu “Əl-Qaidə məktəbinin cihadçı terrorçusu” adlandırıb.
İki ölkə Suriyanın gələcək idarəetmə modeli barədə də fərqli baxışlara malikdir. İsrail rəsmiləri, etnik və dini azlıqlara – o cümlədən kürdlərə və ələvilərə geniş muxtariyyət verən federal modelin tərəfdarıdır. Halbuki Əhməd əş-Şaraa və onun Türkiyədəki müttəfiqləri, güclü icra səlahiyyətlərinə malik prezidentli mərkəzləşdirilmiş idarəetmə sistemini dəstəkləyirlər. Əş-Şaraa 13 martda belə bir modelə əsaslanan yeni konstitusiyanı imzalayıb.
Onsuz da Qəzza müharibəsi fonunda zədələnmiş Türkiyə–İsrail münasibətləri daha da gərginləşə bilər. Lakin hərbi qarşıdurma ehtimalı hələlik zəif qiymətləndirilir. Nə İsrail, nə də NATO-nun ikinci ən böyük ordusuna malik Türkiyə, birbaşa müharibədə maraqlıdır. Əksinə, tərəflər qarşılıqlı çəkindirmə strategiyası qurmağa çalışır.
Bununla belə, iki ölkənin ortaq maraqları da mövcuddur. Hər ikisi İranın Suriyada yenidən möhkəmlənməsinin qarşısını almaq istəyir. Əgər yeni Suriya uğursuzluğa düçar olsa, həm Türkiyə, həm də İsrail bu prosesdən zərər çəkə bilər.
Samir