Xarici KİV: ABŞ və İran arasında danışıqlar hansı formatda keçiriləcək?

DÜNYA
16:11 / 08.04.2025
117

ABŞ və İran artıq nüvə sazişinin bağlanması məqsədilə birbaşa danışıqlar aparır. Bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun Ağ Evə səfəri zamanı bəyan edib. Tərəflər arasında yüksək səviyyəli son görüş 10 il əvvəl baş tutmuşdu. Həmin vaxt İranın nüvə proqramı üzrə razılaşma əldə edilmiş, əvəzində ABŞ sanksiyaları ləğv etmişdi. Tramp administrasiyası 2018-ci ildə bu sazişdən çıxdığını elan edərək, İran rəhbərliyini nüvə silahı üzərində işi davam etdirməkdə ittiham etmişdi. Trampın sözlərinə görə, hazırkı danışıqlarda da bu məsələ əsas mövzulardan biri olacaq.

HİT.az xəgər verir ki, Trampın bu bəyanatına İranın xarici işlər naziri Abbas Əraqçi cavab verib. O bildirib ki, danışıqlar birbaşa deyil, dolayı yolla keçiriləcək və 12 aprel tarixində Oman Sultanlığında baş tutacaq. İran məsələsi beynəlxalq KİV-lərdə də geniş müzakirə olunmaqdadır. 

"Donald Trampın nüvə sazişi ilə bağlı danışıqlar aparılması haqda bəyanatı Tehrandakı hakim dairələr üçün gözlənilməz olub. Orada hesab edirlər ki, ABŞ prezidenti informasiya-psixoloji müharibə aparır və sadəcə olaraq danışıqların olmamasına görə məsuliyyəti İranın üzərinə atmağa çalışır", – deyə “nournews” nəşri yazır.

Planlara əsasən, şənbə günü, 12 aprel tarixində hər iki tərəfin nümayəndə heyətləri ayrı otaqlarda oturacaq, mesajları isə omanlı diplomatlar qarşı tərəfə çatdıracaq. “The New York Times” yazır ki, bu danışıqlardan öncə ali dini lider ayətullah Xamenei mövqeyini dəyişərək, potensial birbaşa görüşlərə prinsipial razılığını bildirib. Nəşrin müsahibləri qeyd edir ki, əgər Maskatda keçiriləcək görüş hörmət çərçivəsində və məhsuldar keçərsə, birbaşa danışıqlar mümkündür.

“Reuters” agentliyi İran hökumətindəki mənbəyə istinadən bildirir ki, yeni nüvə sazişinə nail olmaq üçün təxminən iki ay vaxt lazım ola bilər. Eyni zamanda, İran rəhbərliyi danışıqların uzanacağı təqdirdə İsrailin öz təşəbbüsü ilə hərbi zərbə endirəcəyindən ehtiyat edir. Agentliyin məlumatına görə, İranın başçılıq etdiyi “Müqavimət oxu” koalisiyası hazırda çətin dövr keçirir. Koalisiya İsrailin Qəzza zolağında “Həmas” qruplaşmasına qarşı hərbi əməliyyata başlamasından sonra ciddi zəifləyib. ABŞ ordusu ilə qarşıdurmada husilərin uğursuzluqları vəziyyəti daha da ağırlaşdırır.

Məhz bu səbəbdən, “The Washington Post” yazır ki, Netanyahunun ətrafı hazırda hücum üçün ən əlverişli zaman olduğunu düşünür. İsrailin baş naziri isə İranın nüvə proqramı ilə bağlı danışarkən 2003-cü ildə Müəmmər Qəzzafinin kütləvi qırğın silahlarını ləğv etdiyini və qarşılığında Tripolidən sanksiyaların götürüldüyünü xatırladıb.

Samir
 

0