2025-ci ildə dünyanın ən sürətli beş qırıcı təyyarəsi arasında üstünlük Rusiyaya məxsusdur.
HİT.az xəbər verir ki, siyahının ilk iki pilləsində sovet mənşəli MiQ modelləri qərarlaşaraq ABŞ-ın müasir hərbi aviasiya sahəsində geridə qaldığını göstərir. Bu barədə ABŞ ordusunun keçmiş piyada zabiti Brent M. İstvud "19fortyfive" portalında yazıb.
1. "MiQ-25" – 3,2 Max
Siyahıya qədim, lakin hələ də sürət göstəricilərinə görə lider olan "MiQ-25 Foxbat" başçılıq edir. Maksimal sürəti saatda 3,2 Max (təxminən 3920 km/saat) olan bu sovet qırıcısı 60 ildir mövcuddur. Ekspertlər bildirirlər ki, təyyarənin sistemləri çoxdan köhnəlsə də, hələ də bəzi ölkələr – Suriya, Əlcəzair, İraq, Liviya və Hindistan – bu modeldən istifadə edirlər. Qeyd edilir ki, mühərriklərin qızmaması üçün əksər hallarda təyyarə yalnız 2,83 Max sürətlə idarə olunur.
2. "MiQ-31" – 2,83 Max
İkinci yerdə "MiQ-31 Foxhound" qərarlaşıb. O da köhnə model olsa da, maksimal 2,83 Max sürətə malikdir. Bu təyyarə "MiQ-25" modelinin təkmilləşdirilmiş versiyasıdır və aşağı hündürlükdə uçuş zamanı məhdudiyyətləri yoxdur. Ekspertlər qeyd edir ki, bu model radarda asanlıqla izlənilə bildiyi üçün döyüş şəraitində əlverişli deyil. Rusiya bu təyyarədən hələ də istifadə edir. Qazaxıstan isə bu modeli uzun müddət parkının ən yaxşı qırıcısı hesab etsə də, 2023-cü ildə onun yüksək istismar xərclərinə görə istifadəsini dayandırıb.
3. "F-15" ailəsi – 2,5 Max
ABŞ Hərbi Hava Qüvvələrinin "F-15 Eagle" və "F-15E Strike Eagle" modelləri 2,5 Max (təxminən 3060 km/saat) maksimal sürətlə siyahıda üçüncü yerdədir. Bu təyyarələr daha yüngül olduqları üçün manevr qabiliyyətləri yüksəkdir. Geniş qanad səthləri sayəsində döngələr və digər manevrlər zamanı sürət itkisi yaşamırlar. "F-15" modeli tarixində 100-dən artıq hava döyüşü qələbəsi əldə edib.
4. "Su-27" – 2,35 Max
"Su-27" qırıcısı maksimal 2,35 Max sürətlə uçur və yüksək məsafə qət etmə qabiliyyəti, eləcə də manevr imkanları ilə tanınır. Rusiya bu təyyarənin "F-15"ə rəqib olduğunu iddia edib və illər ərzində model üzərində müxtəlif modernizasiya işləri aparılıb.
5. "MiQ-23" – 2,35 Max
Qanad quruluşunda dəyişən bucaq texnologiyasına malik olan "MiQ-23", saatda 2,35 Max sürətə çata bilir. Bu modeldən indiyədək 5 mindən çox istehsal olunub. Təyyarə ixrac bazarında geniş istifadə tapıb – Anqola, Kuba, Konqo, Efiopiya, Qazaxıstan, Liviya, Şimali Koreya, Sudan, Suriya və Zimbabve kimi ölkələr bu modeli parklarında saxlayır.
Samir