Sabiq deputat, Yurddaş Partiyasının sədri Mayis Səfərli maraqlı təkliflə çıxış edib.
Hit.Az-ın verdiyi xəbərə görə, Partiya sədri Azərbaycanda yerli və mərkəzi icra hakimiyyəti orqanlarının bütün vəzifəli şəxslərinin işə başlayarkən "Qurani-Kərim"ə and işməsini təklif edir.
Həmin fikirləri təklif edirik:
"Ölkəmizdə korrupsiya və rüşvət əleyhinə aparılan ciddi mübarizə hər bir namuslu Azərbaycan vətəndaşının ürəyincədir. Hər kəs yaxşı başa düşür ki, hakimiyyət orqanlarında kök salmış və bu gün dövlət başçısının nümayiş etdirdiyi möhkəm iradə nəticəsində bir-birinin ardınca qandallanıb qanun qarşısına çıxarılan vəzifə sahiblərinin oğurladıqları pullar bizə məxsusdur. Söhbət elə böyük vəsaitlərdən gedir ki,əgər onlar təyinatı üzrə xərclənsəydi, günümüz-güzəranımız daha yaxşı olardı.
Zənnimcə, bu sosial bəlanı həyatımızdan qoparıb atmaq üçün mənəvi və inanc dəyərlərimizin imkanlarını da işə salmalıyıq.
Hər birimiz qarşımızdakının inanmadığımız, şübhə etdiyimiz hər hansı bir sözünə, əməlinə “Allah haqqı” ,”Quran haqqı”, ” Namusum haqqı” kimi təsirli ifadələrini eşitdiyimizdə, artıq inamsızlığa, şübhəyə yer qalmır…
Bir neçə vaxt bundan əvvəl mətbuatda rast gəldiyim maraqlı informasiya yadıma düşdü.
ABŞ-ın Virciniya ştatında təhsil naziri təyin edilən Atif Karnin adlı amerikalı müsəlman vəzifəsinə başlayarkən Qurani-Kərimə and içmişdi.
Yaxın vaxtlarda ABŞ-ın Minnesota ştatından Konqresə üzv seçilən İslam dinini qəbul etmiş Kit Ellison da müsəlmanların müqəddəs kitabına əl basmışdı.
Ümumiyyətlə, dünyanın bir çox ölkələrində yüksək rütbəli məmurların müqəddəs kitablara- Qurana, İncilə, Tövrata and içmələri bir şərtdir.
Bizdə bu praktika hələ ki, yeni seçilmiş prezidentin inaqurasiyası zamanı Qurana and içməsı ilə məhdudlaşır.
Lakin düşünürəm ki,bu praktika yerli və mərkəzi icra hakimiyyəti orqanlarının bütün vəzifəlilərinə də şamil edilsə, ümumi işin xeyrinə olar.
Bəlkə ondan sonra nazirlərimiz, müavinləri, rayon,şəhər icra başçıları və digər məmurlarımız daha fərqli, daha məsuliyyətli,ədalətli və başlıcası, təmiz və dürüst fəaliyyət sərgiləyəcəklər".