İyunun 2-dən 4-dək Azərbaycanın paytaxtı yenidən qlobal enerji gündəminin mərkəzində olacaq:
Enerji sektorunda ən mühüm beynəlxalq tədbirlərdən biri olan Bakı Enerji Həftəsi (Baku Energy Week) öz işinə başlayacaq.
Bu il Bakının Avropadan Asiyaya qədər ölkələrin və şirkətlərin maraqlarını birləşdirən nüfuzlu enerji platforması statusunu təsdiqləyən otuzuncu dəfə keçiriləcək.
Bakı yenidən dünya enerji ictimaiyyətinin diqqət mərkəzində olacaq.
Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a deyib ki, bu gün qlobal enerji liderlərini bir araya gətirən, regionun aparıcı sənaye tədbiri olan “Baku Energy Week” 30-cu dəfə fəaliyyətə başlayır:
“Baku Energy Week” təşkil edildiyi illər ərzində həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.
“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir:
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”.
Deputat bildirib ki, Bakı Enerji Həftəsinin iştirakçılarına dünyanın aparıcı dövlətlərinin liderləri tərəfindən salamlama məktublarının göndərilməsi tədbirin beynəlxalq miqyasda əhəmiyyətini təsdiq edir:
“30 illik yubileyini qeyd edəcək "Bakı Enerji Həftəsi" 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir. "Bakı Enerji Həftəsi" enerji keçidi üzrə müzakirələr üçün əsas platforma olaraq statusunu daha da möhkəmləndirəcək. Ənənəvi enerji növlərindən yaşıl enerji yeniliklərinə qədər mövzuları əhatə edən bu tədbir, Azərbaycanın enerji təhlükəsizliyi və ətraf mühitə qarşı məsuliyyətində ölkənin liderliyini gücləndirməyə xidmət edir. Tədbir çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bununla yanaşı, yubiley tədbirin proqramı da zəngin olacaqdır. Bakı Ekspo Mərkəzinin foyesində "Smart Energy Hub" adlı startap zonası, "Enerjinin sənətlə görüşdüyü yer" - instalyasiya zonası nümayiş olunacaq, həmçinin iştirakçı və ziyarətçilərin diqqətini cəlb edəcək digər maraqlı tədbirlər təşkil olunacaq. Aparılan müzakirələr qlobal enerji sektorunun transformasiyasına istiqamət verərək, onun gələcəyini müəyyənləşdirməkdə mühüm rol oynayacaq”.
Sevinc