“Belə davam etsə, bizi Avropanın taleyi gözləyə bilər” - BAŞ İNFEKSİONİST

ÖLKƏ
14:24 / 29.05.2020
3186

"Həkimlərdə bu qədər pul haradandır? Vicdan bu qədər itirilib?" 

Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayevin “Report”a müsahibəsi:

- Rəsmi rəqəmlərdən də aydın olur ki, Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı artıb. Bunun əsas səbəbi nədir?

- İnsanların səhlənkarlığı və xaricdə yaşayan azərbaycanlıların bir hissəsinin Vətənə qayıtması koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Hətta ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılmasından sonra virusun guya mövcud olmadığına inananlar artmağa başlayıb. Çünki hələ də xəstəliyin siyasi oyun olduğunu düşünənlər var. Mən onları dar düşüncəli insanlar sayıram. Belə siyasi oyun olmaz. Axı bütün dünyada virus alovlanıb. Yəni inkişaf etmiş bu qədər ölkənin rəhbərləri səhv edir?! Hətta deyirlər ki, guya həkimlər ölən şəxsin qohumlarına virusdan vəfat etdiyini yazmaq üçün pul təklif edirlər. Həkimlərin bu qədər çox pulu var? Vicdan bu qədər itirilib?

Hər gün gözümüzün qarşısında çox sayda insanın virusa yoluxduğunu, əziyyət çəkdiyini və dünyasını dəyişdiyini görürük. Əlimizdən gələni edirik ki, insanlar virusa yoluxmasın. Axı nə qədər demək olar ki, sosial məsafəni gözləyin, arada 2 metrlik məsafə saxlayın, zərurət olmadığı təqdirdə qapalı məkanlara getməyin, gigiyena qaydalarına əməl edin, yaxud qoruyucu tibbi maskalardan istifadə edin. 

Kimsə bilmədən virusa yoluxub xəstəliyi yüngül keçirə, fərqində olmadan başqasını yoluxdurub onun ölümünə səbəb ola bilər. Bu gün ölkədə koronavirusdan ölənlərin sayı 50-ni keçib. Hər kəs səbəbi yaxşı bilsə də, şübhəli sual verir ki, bunun səbəbi nədir?! Cavab çox sadədir - insanların məsələyə laqeyd yanaşması.

İctimai nəqliyyatda qoruyucu maskalardan istifadənin vacibliyini dəfələrlə qeyd etmişik, ancaq buna əməl edən çox az adam var. Pandemiyanın başlanğıcında virusun sürətlə yayılmasının qarşısını ala bilmişdik. Amma bu gün daxili yoluxmaların sayında kifayət qədər artım var. Hər kəs infeksiyaya qarşı birgə mübarizə aparmalıdır, öz üzərinə düşəni etməlidir. Dövlətimiz insanların yaşam şəraitini asanlaşdırmaq üçün müəyyən yumşalmalara getdi. Ümid edirik ki, yumşalma tədbirləri çərçivəsində insanlarımız da qoyulan tələblərə düzgün əməl edəcəklər. Təəssüf ki, bu gün bunun əksinin şahidi oluruq. O gün televiziyada bir süjetə baxdım, küçədə insanlar sıx şəkildə və qoruyucu tibbi maska taxmadan rahat gəzirlər. Belə olmaz axı!

- Bu artımı ikinci dalğa və ya koronavirusun pik hədd hesab etmək olarmı?

- İkinci dalğa söhbəti yoxdur. İkinci dalğa o zaman ola bilər ki, xəstəlik tamam yoxa çıxır və sonradan tək-tük bir neçə xəstə qeydə alınır. Necə ki, Çində belə olmuşdu. Amma Azərbaycanda bu gün üçün xəstəlik hələ də davam edirsə, bu, ikinci və ya sonrakı dalğalanma deyil.

- Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-də başa çatır. Xəstələrin sayındakı artım mayın 31-dən sonra sərtləşməyə səbəb ola bilərmi?

- Bu barədə indidən dəqiq nəsə deyə bilmərəm. Ölkədəki ümumi epidemioloji vəziyyət təhlil ediləcək və bundan sonra qərar veriləcək ki, rayonlara gediş-gəliş açılsın ya yox. Əgər açılası olsa, belə insanlara tövsiyə ediləcək ki, sosial məsafə mütləq qorunsun və qoruyucu tibbi maskalardan istifadə edilsin. Misal olaraq, taksiyə minəndə belə sürücüdən tələb edilməlidir ki, maska tax. Çünki onu tanımırıq və virusa yoluxmuş ola bilər. Bəzən insanlar ümid edir ki, havalar istiləşdikcə virus yavaş-yavaş məhv olacaq. Amma bu belə deyil. Ona görə də məsələyə laqeyd yanaşmaq qəti olmaz.

- Koronaviruslu xəstələrin müalicə alması üçün ayrılan tibb müəssisələrində çarpayı sayı yetərlidirmi?

- Bu gün üçün xəstəxanalarda çarpayı sayında problemimiz yoxdur. Amma qaydalara ciddi riayət edilməsə və xəstə sayı artsa, Avropanın taleyini yaşaya bilərik. Çünki koronavirus sürətlə yayılır. Həkimlərə və mütəxəssislərə qulaq asmaq lazımdır. Hər yanlış informasiyalara inanmaq məsləhət deyil. Yalnız rəsmi xəbərlərə etibar etmək lazımdır. 

1