Tramp Putinə sövdələşməyə gedəcək?

DÜNYA
13:25 / 19.08.2025
267

“Trampın Zelenski və Avropa liderləri ilə görüşü zamanı açıq qalan mikrofon vasitəsilə dedikləri diqqətdən yayınmadı. Onun “Putin mənim üçün sövdələşməyə gedəcək” sözləri əslində ABŞ-ın yeni diplomatik kursunun ipuclarını verir. Tramp açıq şəkildə göstərir ki, o, Moskva ilə sərt qarşıdurma siyasətindən daha çox ticarətçi və bazarlıqçı yanaşmaya üstünlük verir. Bu, onun iş adamı təcrübəsindən qaynaqlanan bir üslubdur”. 

Bu fikri Hit.az-a siyasi şərhçi Tural İsmayılov deyib. 

O bildirib ki, ABŞ-Rusiya münasibətlərində “sövdələşmə” ifadəsi isə çox ciddi məna daşıyır. Çünki, burada söhbət sadəcə kompromisdən yox, geosiyasi güzəştlərdən gedir: 

“Tramp hesab edir ki, Putinlə söhbəti şəxsi münasibətlər üzərində quraraq nəticə əldə edə bilər. Bu, Avropanın klassik diplomatiyasından fərqli yanaşmadır. Sövdələşmənin əsas predmetlərindən biri Ukrayna müharibəsinin gələcək mərhələsi olacaq. ABŞ Rusiyanın hansı şərtlər daxilində geri çəkilə biləcəyini öyrənməyə çalışır. Lakin Trampın bu yanaşması Avropa liderlərində skeptisizm doğurur. Çünki, onların fikrincə, Putin sadəcə güc dilini anlayır və sövdələşmə onun üçün zaman qazanmaqdan başqa bir şey deyil. Tramp isə fərqli düşünür: o, hesab edir ki, şəxsi sözü və təzyiqi Putini hərəkətə gətirə bilər. Bu, həm də Vaşinqtonun Avropaya mesajıdır – “Rusiya ilə əsas danışıqçı ABŞ-dır”. Əgər Putinlə Tramp arasında belə bir sövdələşmə baş tutarsa, bu, Ukraynanın ərazi bütövlüyü məsələsinə birbaşa təsir göstərəcək. Amma sövdələşmə ssenarisi heç də asan deyil, çünki burada Çin faktoru da oyuna daxil olur. Trampın dediyi kimi, bu çılğın səslənə bilər, amma siyasi reallıqda belə addımlar zaman-zaman baş verir. ABŞ diplomatiyasında şəxsi diplomatiyanın rolu azı Kennedi–Xruşşov dövründən bəri aktuallığını saxlayır. İndi isə növbə Tramp–Putin sövdələşməsinə çatıb”.

Sevinc

0