Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub.
Hit.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək.
Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1 861 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101 ədəd dörd, 20 ədəd beş otaqlı olmaqla, 404 fərdi ev inşa ediləcək. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır.
2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1 075 ailənin, ümumilikdə 4 093 nəfərin köçürülməsi nəzərdə tutulur. İki, üç, dörd və beş otaqlı olmaqla 771 fərdi ev və iki-üç mərtəbəli yaşayış binaları inşa ediləcək. İkinci mərhələ çərçivəsində də məktəbin və 2 uşaq bağçasının inşası planlaşdırılır. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində olub.
Dövlətimizin başçısına qəsəbədə həyata keçirilmiş işlər barədə məlumat verilib.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qəsəbə erməni işğalından azad ediləndən sonra burada genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb.
Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək.
Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb.
Dövlətimizin başçısı qəsəbə sakini Zahid Mustafayevin evində oldu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.
“PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verdi.
Bildirildi ki, hazırda Hadrut qəsəbəsində “PMD GROUP” tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.
Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verildi.
Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.
Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.
Dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verildi.
Qeyd edək ki, Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.
İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.
Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.
İndiyədək 10 ailə (46 nəfər) kəndə qayıdıb.
Prezident İlham Əliyev kəndə köçmüş Hamlet Gülməmmədovun evində oldu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.
Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib.
Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.
Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.
Dövlətimizin başçısı qəsəbəyə köçmüş İslam Dadaşovun evində oldu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd edək ki, bu kənd də Silahlı Qüvvələrimizin iki il əvvəl həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.
İndiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb.
Dövlətimizin başçısı kəndə köçmüş Zaur Rzayevin evində olub, ailə üzvləri ilə söhbət edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universiteti Klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdilər.
Bildirildi ki, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar veriləcək. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısı Qarabağ Universitetinin Klinikası binasında yaradılmış şəraitlə tanış oldu. Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılıb. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək.
Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.