"Suriyanın müvəqqəti Prezidenti Əhməd Əl-Şara Rusiyadan ölkənin sabiq dövlət başçısı Bəşər Əsədin ekstradisiyanı tələb edir".
Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.
Lakin o, Rusiya Prezidenti Vladimir Putinin belə bir addım atmasının gözlənilmədiyini deyib:
"Çünki Əsədi Suriyaya vermək Rusiyanın nüfuzuna çox mənfi zərbə olar. Bu halda Kreml nüfuzu tamamilə yerlə bir edər. Nəzərə almaq lazımdır ki, Rusiya sona qədər Əsədi müdafiə etməyə çalışdı.
Ondan əvvəl rəsmi Moskvanın müdafiə etdiyi Muəmmər Qəddafi, Səddam Hüseyn, Ömər Bəşir kimi diktatorları devirdilər. Lakin Rusiya onların heç birini qoruya bilmədi. Yəni Rusiyanın nüfuzu o qədər yerlə bir olub ki, öz müddəflərini həmişə satıb və sona qədər dəstək olmayıb".

Ekspert diqqətə çatdırıb ki, Əl-Şara Əsədi təhvil almaq üçün Moskva gedib onu Putindən istədi:
"Lakin gözlənildiyi kimi Putin bu təklifi rədd etdi. Əslində, Suriyanın yeni hökuməti daha əvvəl də bir neçə dəfə Əsədin ekstradisiyanı istəmişdi. Əsədə qarşı rus bazalarının qalması şərtinə isə inanmıram.
Çünki onsuz da Suriya hakimiyyəti rus bazalarının ölkədə qalmasında maraqlıdır. Onlar, bunun İsrailə qarşı balans yaradacağını düşünürlər. Əgər rus bazaları olmasaydı, İsrail Suriyadakı avtoritar boşluqdan istifadə edərək çox hədləri keçmişdi".
Politoloq onu da qeyd edib ki, İsrail indiki vəziyyətdə belə vaxtaşırı Suriyaya zərbələr endirir:
"Sözügedən bazalar olmayacağı təqdirdə, daha da irəli gedə bilərlər. İsrail hətta Suriyanın hərbi bazalarına və ordusuna zərbələr endirə bilər. Lakin Suriyadakı Rusiya bazaları buna qarşı çəkindirici qüvvə rolunu oynayır. Belə bir şəraitdə Əl-Şara rus bazalarının ölkədən çıxarılmasını tələb etməz".
Turab Rzayev sözlərini belə yekunlaşdırıb:
"Rusiyanın Bəşər Əsədi Suriyaya ekstradisiya etmə ehtimalı yoxdur. Çünki belə olacağı təqdirdə, Rusiyanın imici yerlə bir olar və kimsə onunla müttəfiqliyi davam etdirməz".
Pərviz


