Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri iyun ayının ilk ongünlüyündə yekunlaşacaq.
HİT.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində magistral yolun, demək olar ki, hər iki hissəsində görülən tədbirlər tamamlanmaq üzrədir:
“Artıq genişləndirilən hərəkət zolaqlarına asfalt döşənməsi prosesi başa çatdırılıb. Sağ və sol istiqamətdə əlavə bir hərəkət zolağı yaradılıb. Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yol, həmçinin, Xırdalan dairəsinin altından keçən avtomobil tuneli hər iki istiqamət üzrə iki hərəkət zolağı enində genişləndirilib.
Paytaxtda Sumqayıt şəhəri istiqamətindən giriş-çıxışı təkmilləşdirmək məqsədilə “20 Yanvar” metrostansiyasının “Azərsu” ASC-nin inzibati binasının qarşısında yerləşən çıxışının yeri dəyişdirilərək, 8-10 metr irəli çəkilib.
“20 Yanvar” dairəsinin ölçüləri də dəyişdirilərək, “oval” formaya salınıb. Sadalanan bütün işlər artıq, demək olar ki, başa çatıb. Xırdalan dairəsinin altından keçən tunel ətrafında son tamamlanma işləri qalıb. O işlər də iyun ayının ilk ongünlüyündə tam başa çatdırılacaq”.