İsrail Müdafiə Ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.
"İsrail Müdafiə Ordusu elan edir ki, Hərbi Hava Qüvvələri ordunun kəşfiyyat məlumatları əsasında və unikal əməliyyat imkanlarından istifadə etməklə dəqiq zərbə endirib. Nəticədə Əli Laricani öldürülüb. Zərbə o, Tehranın yaxınlığında olarkən endirilib", - məlumatda qeyd olunub.
13.46
İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin hava zərbəsi nəticəsində öldürülüb.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats bildirib.
"Baş qərargah rəisi məni Milli Təhlükəsizlik Şurasının katibi Laricaninin və "Bəsic"in rəhbərinin öldürüldüyü barədə məlumatlandırıb", - KİV-lər Katsın sözlərini sitat gətirib.
Daha əvvəl İran KİV-ləri məlumat yaymışdı ki, Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq.
Qeyd edək ki, Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi və fevralın 28-də öldürülmüş İranın ali lideri Əli Xameneinin müşaviri olub, nüvə proqramı və xarici siyasət üzrə danışıqlarda əsas rol oynayıb.


