Fitrə zəkatı: Məbləği necə hesablayaq?

SOSİAL
12:20 / 18.03.2026
113

Ramazan ayı başa çatanda müsəlmanların yerinə yetirməli olduğu mühüm ibadətlərdən biri də fitrə zəkatıdır.

Hər il olduğu kimi, bu il də insanlar fitrənin necə verilməsi və məbləğinin nə qədər olması ilə bağlı müxtəlif suallar verirlər. Konkret olaraq, adambaşına fitrə pulunun necə hesablanması və məbləğin nə qədər olması müzakirə mövzusudur. Bununla bağlı müxtəlif fikirlərin səsləndirilməsi insanların düşüncələrini daha da qarışdırıb.

Bəs fitrə zəkatı nə qədər olmalıdır və kimlər verməlidir?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, fitrə zəkatı oruc tutan insanların Ramazanın axırında ailədə adam başına təxminən 3 kq miqdarında arpa, buğda, qarabaşaq, düyü və ya xurma kimi dənli bitkilərdən kasıblara vermələridir: 

394785

“Həmçinin, adıçəkilən məhsulların məbləğində pul da verilə bilər. Hər təbəqə üçün təsnifatı göstərilib ki, sosial vəziyyətə görə fitrə verənlərə zəhmət olmasın. Yəni buğdaya imkanı çatan buğda ilə, xurmaya imkanı çatan da xurma ilə verə bilər. Fitrə zəkatı ilə bağlı konkret rəqəm və ya hamı üçün standart məbləğ elan etmək nə dinə, nə də sosial bərabərliyə uyğundur. Ayrılmış vəsait bayram namazına qədər kasıblara təqdim olunmalıdır ki, onlar da süfrə aça bilsinlər. Lakin gecikmiş olsa sonra da vermək olar”.

Ekspert qeyd edib ki, fitrəni normal sosial vəziyyətə sahib olan şəxslər verməlidir:

“Borcu və ya krediti olanların özlərinə fitrə düşür. Onlar əgər borcu, krediti biznes məqsədi ilə deyil, digər maddi ehtiyaclarından dolayı alıblarsa, o şəxslər fitrə verməyə bilər. Unutmayın ki, din insanları məşəqqətə salmır, əksinə, ağır sosial  durumda olanların da vəziyyətdən çıxması yollarını göstərir. Fitrə üçün arpa, darı, buğda, qarabaşaq, lobya, düyü və xurma kimi məhsullar ona görə sadalanıb ki, kimin hansına imkanı çatarsa ondan versin. Çünki ailələrin hamısının sosial durumu bərabər deyil”.

Tural İrfan vurğulayıb ki, arpanın dəyərinə imkanı çatan şəxslər, adam başına 3 kq arpanın, düyü və xurmaya imkanı çatanlar isə adam başına 3 kq düyü yaxud xurmanın dəyərində fitrə versin:

“Hamı üçün eyni standart rəqəm və ya məbləğ elan etmək sosial nizamı pozur və bu İslama uyğun deyil. Üstəlik, belə hallar İslamın yaratmaq istədiyi sosial nizam və bərabərliyi xarab edir. Ədalət hamıdan qan almaq deyil, hərənin damarına görə qan almaqdır. Ümumiyyətlə, bunların heç birinə maddi imkanı çatmayan adamlar isə fitrə verməməlidir. Əksinə, onların özlərinə fitrə verilməlidir. İslam şəriətinin təqdim etdiyi sosial ədalət nizamı məhz budur”.

Günel Cəlilova

0