Sabahdan "Ata Bank" və "Amrah Bank"dan kompensasiyaların verilməsinə başlanılır

İQTİSADİYYAT
19:00 / 31.05.2020
1111

Lisenziyaları ləğv olunan "Ata Bank" və "Amrah Bank"dakı qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır. Əmanətlərin Sığortalanması Fondundan (ADIF) bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə "Ata Bank" ASC və "Amrah Bank" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Ata Bank" ASC və "Amrah Bank" ASC-də sığorta hadisəsi günü 2020-ci il aprelin 28-i müəyyən olunub.

ADIF-in Himayəçilik Şurasının qərarına əsasən, "Ata Bank" ASC və "Amrah Bank" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "Kapital Bank" ASC seçilib. "Ata Bank" ASC və "Amrah Bank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. "Kapital Bank" ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

- 1 iyun 2020-ci il tarixindən başlayaraq “Ata Bank” ASC və "Amrah Bank" ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "Kapital Bank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

- 1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "Kapital Bank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün "Kapital Bank" ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan "Ata Bank" ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan "Amrah Bank" ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc olunduğu gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 2020-ci il iyunun 1-dən etibarən "Kapital Bank" ASC-nin müvafiq filiallarından və ADIF-in "www.adif.az" saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan "Ata Bank" ASC və "Amrah Bank" ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən "Kapital Bank" ASC-nin filialına müraciət edərək yuxarıda qeyd olunan sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.

0