“Kənd təsərrüfatına pul qoyanlar kəskin artacaq"

İQTİSADİYYAT
19:17 / 31.05.2020
1198

Azərbaycanda aqrar sahənin gəlirli olduğu məlum olduqdan sonra qarşıdakı dövrdə bu sahəyə yatırım edənlərin və çalışanların sayı kəskin artacaq.

Hit.Az xəbər verir ki, bunu FED.az-a Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin Ticarət Nazirliyinin qərarı ilə ölkəyə xaricdən qarpız idxalı dayandırıldı. Qərara görə, Türkiyəyə idxal olunan bir ton qarpızın vergisi 75 dollardan 300 dollara qaldırıldı. Qarpıza tətbiq olunan gömrük vergisi səbəbindən idxalı azalacağı, əkin sahələrinin isə artırılacağı gözlənilir.

//fed.az/az/aqrar/turkiye-xaricden-qarpiz-idxalini-dayandirir-81293

Qeyd edək ki, bir müddət əvvəl oxşar qərar ölkəyə idxal olunan banana da tətbiq olunmuşdu. Belə ki, idxal olunan banana qoyulan gömrük vergisi 148.5 faiz artırılmışdı.

Sözügedən qərar Türkiyə qarpız ixrac edən azərbaycanlı fermerlərin olub-olmaması ilə bağlı məsələni gündəmə gətirib.

Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev FED.az-a bildirib ki, Azərbaycanda qarpız mövsümü başlamadığı üçün sözügedən qərarın yerli fermerlə heç bir aidiyyəti yoxdur: “Ölkə ərazisində qarpız istehsalına başlanılmayıb. Türkiyəyə qarpız ixrac edən fermerlərin olmasını eşitməmişəm. Ola bilsin ki, var, amma mən statistikaya da baxmışam, heç statistikada da qarpız ixrac ilə bağlı ayrıca məlumat görməmişəm”.

Assosiasiya sədri hesab edir ki, Türkiyənin qarpız idxalının qarşısını almaq barədə qərarı daha erkən məhsul yetişdirən ölkələr üçündür: “Daha erkən yetişən qarpızlar Türkiyənin cənubunda yerləşən ölkələrdə olur. Buraya əsasən İsrail, İordaniya, Suriyanın və İraqın bəzi əraziləri düşür. Bu ərazilərdə qarpız daha erkən yetişdir və çox güman ki, Türkiyə öz daxili bazarını qorumaq üçün bu addımı atır”.

Hazırda Azərbaycanda meyvə-tərəvəz ixracı ilə bağlı vəziyyətdən danışan Bəşir Quliyev bu il yüksək məhsuldarlığın olduğunu deyib: “Bu ərəfədə ölkəmizdə meyvə-tərəvəz arasında əsas ixrac olunan məhsul istixanalarda yetişdirilən pomidor və erkən yetişən kartofdur. Hər ikisi bu il ölkə üzrə daha çox məhsuldarlıq göstərib. Bunun hesabına baxmayaraq ki, pandemiyadır və baxmayaraq ki, qiymətlər bir az aşağı düşüb, amma ölkəyə gələn valyutanın məbləği istehsal həcmi artımına görə bu il keçən ildən daha artıqdır. Məhsuldarlıq çox olanda təbii ki, rəqabət yaranır qiymətlər də aşağı düşür”.

İxracda hansısa qadağanın olmadığına da diqqət çəkən Bəşir Quliyev, bunun üçün dövlətin hər cür dəstək göstərdiyini də deyib: “Gömrükdə “Yaşıl Dəhliz” buraxılış sistemi xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaradır. Bundan əlavə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bütün fermerlərlə çox sıx işləyir. Dövlət bugünkü gün ancaq dəstək göstərir. Həm gömrük orqanları, həm AQTA, həm requlyator olan İqtisadiyyat Nazirliyi, həm də Kənd Təsərrüfatı Nazirliyi çalışır ki, bu sektor artsın. Öz tərəfindən fermerlər də işlərini çox yaxşı qururlar. Azərbaycanda zəhmətkeş xalqımızın və dövlət dəstəyinin sayəsində ildən ilə kənd təsərrüfatı ancaq güclənir. İki ilə xalqımızın böyük bir hissəsinin kənd təsərrüfatı ilə məşğul olacağını görmək mümkün olacaq, maraq daha da artacaq. Çünki gəlirli sahədir və günü-gündən inkişaf edir”.

Qeyd edək ki, son günlər ölkəmizin Rusiya ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur. Buna səbəb isə mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarının ixracının, eləcə də ölkəmizdən keçən tranzit yük nəqliyyat vasitələrinin sayının artması göstərilir. Məlumat üçün bildirək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Bu gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xəttləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür.

Bəşir Quliyev sözügedən gömrük keçid postunda problemin bolluqla bağlı olduğunu deyib: “Bolluq o deməkdir ki, maşınların sayı artdıqca istehsal həcmimiz də artır. Burada problem əsasən Rusiya tərəfindədir. Burada tək gömrük deyil, həm də sərhəd xidmətini keçmək lazımdır. Bu da texniki bir məsələdir. Bizdə olan məlumata görə, texniki olaraq buraxılış keçid məntəqəsi böyüdülür. Yəni bu məntəqədə yük nəqliyyat vasitəsinin keçidi qat-qat böyüdülür. Bildiyimiz qədər məsələ bu yaxınlarda həll olmalıdır. Gündəlik dəqiq rəqəmi deyə bilmərəm, amma buraxılış məntəqəsində tikinti-təmir işləri bitən kimi gündəlik keçən yük maşınlarının sayı əvvəlki ilə müqayisədə bir neçə dəfə artırılacaq”.

0