Hücuma keçmək vaxtıdı...

ÖLKƏ
17:17 / 01.06.2020
2404

Biz  çox şey etmək istəyirik. Amma necə? Yol axtarırıq. Özümüz üçün izah və şərh etməyə başlayırıq. Qərara gəlmək üçün. Ən çətini qərar verməkdi. Bundan sonra izlədiyimiz taktika və strategiya köməyə gələcəkdir. İndi mən də  qərar verməliyəm. Hərbçilərin anladığı dildə yazım, yoxsa sənət sənət üçündür deyənlərə görə. Keçən dəfə  bir hərbçi yoldaş yazmışdı ki, sadə yaz başa düşmədim. Təsirləndirməklə hərəkətə gətirmək, sənət nümunəsi yaratmaq, deyilənlərin effekt verməsini təmin etmək,  mürəkkəblikdən qaçmaq   və s. hansını edəsən. Seçim etmək, qərar vermək çətindir. 

Hərənin bir fikir söylədiyi, ağız deyəni qulaq eşitmədiyi, hamının özünü doğru sandığı bir ortamı, meydanı təsəvvür edin. Bu zaman ən əsas məsələ kiminsə cıxıb -“Dayanın!” deyərək  cəsarət, bilik, fikir, yönləndirmə gücünü sərgiləyərək yol göstərməsidir. “Hücum” , “irəli”demək vacibdi. Bunu lap yüksək səslə də söyləmək olar. Amma təkcə bununla işin bitmədiyini də hesaba almaq lazımdı. Bu gün hamıya məlumdur ki, cəmiyyətimizdə Qarabğla bağlı, torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar fikir burulğanları bizi arxasınca aparır. Bu burulğanların özü də itib-bata bilər, bizi də itirə bilər.

Qeyri-ənənəvi hal kimi  bu yaxınlarda ayrı-ayrı deputatlarımızın bizi sevindirən müharibəyə çağırış  yönündə qəti bəyanatlar verməsi  millət üçün yeni qol-qanad oldumu?
 Axı indi hamımız deyirik ki, müharibəni xalq edir, təkcə hakimiyyət və ordu yox. 

Qərar vermək üçün xalq da daha məlumatlı, gedişatı bilən, taktiki, strateji düşüncəyə malik, milli maraqlara canı-dildən yanaşan   öndə olan şəxslərdən yapışır. Onların mühakimələrini əsas sayır. Əlbəttə, bu müharibədir. Asan məsələ deyil.

Dayanağın və qərar verəyin deyənlərin biri də hörmətli deputatlarımız oldu. Uzun illər ajandasına orduyla bağlı özünə tapşırıqlar yazan adam bilirəm BAXCP-nin sədri hörmətli Qüdrət Həsənquluyevi.  Niyə belə deyirəm, bir azdan bu barədə açıqlama verəcəm. Ancaq hörmətli deputatımızın son dövrlərdə Qarabağ və müharibə haqqında söylədikləri iki və ya üç müsahibəsində ideyaların amorflaşması (iki və ya daha cox elementin birləşməsindən amorf cisimlər əmələ gəlir) qulağı səsdə olan millətə belə görünür ki, heç nə vermədi. “Torpaqlarımızı böyük itkilər hesabına olsa da işğaldan azad edəcəyik”, “Türkiyə Qarabağın azadlığı üçün Rusiya və İranla danışıqlar aparmalıdır”, “Azərbaycan daha bir sarsıdıcı zərbə vurmağa hazırdır”, “Müharibə çağrışı edənlər ölkəmizi acınacaqlı vəziyyətə sürükləmək istəyirlər”- deyə bildirməsi cox amorf bir şeydir. Müharibəni öz dərimdə, torpaq itirməyi öz həyatımda, döyüş şərtlərinə əməl etməyi öz xidmətimdə hiss edən biri kimi soruşuram, bəs xalqı müharibəyə necə hazırlayaq. Ailələr müharibəyə hazır olmalıdı, həyat yoldaşı ərini müharibəyə yola salmağa, ana oğlunu döyüşə göndərməyə, komandir sevimli əsgərlərini hücuma səsləməyə tab gətirməlidi. Vətən uğrunda silaha sarılmaq, ayağa qalxmaq beyinlərdə həll olunmalıdır. “Allah! Allah!” və ya “Allahu Əkbər!” səadası altında da ola bilər. Çağırışsız bunu necə edəcəksən. “Ana –Vətən çağırır” deyiblər. İndi ki belədi, müharibəyə çağırış əsas şərtdir. Bu həm də düşməni əzən informasiya müharibəsidir. 

Hörmətli deputat, coxlu şərtləri siz ortaya atmısız, məndən olsa indiki şəraitdə xalqı, iqtisadiyyatı, siyasəti, hətta diplomatiyanı müharibəyə qatmazdım. Ordu özü bunu həll etməlidir. Həll edəcəkdir də. Belə olanda biz ordudan danışmalıyıq. Sizin “bu dəfə də uduzsaq” qayğınız da, “Surətin uşaqları”nın dövrünü  yada salmağınız və s. cox qiymətləndirilməlidir. 

“Surətin uşaqları” demişkən, o zamanlar məlum hərbi hissəni yoxlayanda ştat üzrə orda olmalı şəxsi heyətin cox cüzi hissəsininin ortada olduğu üzə çıxmışdı və onların ərzaq təminatında olduğu göstərilərək böyük talançılıq edilmişdi. İndi də talançılq var, hər qəpiyin, hər manatın qədrini bilməmək, hərbi tikintilərin məqsədəuyğun aparılmamsı, yaxşı köhnəni söküb, yeni əlanı yaratmağa qızıl pullar xərcləmək, ştatı həddindən cox şişirtmək, düzgün siyasət aparmamqla pensiyaçılar ordusu  yaratmaq, süni xəstəliklə tərxis olunanların sayını coxaltmaq və s. talançılığı.  Orta bir hərbi hissənin bir günlük ərzaq təminatı təxmini hesablamalarla 8-10 min manat edir. Bu minvalla hesablayanda hər il təkcə ordunun ərzağına milyardların xərclənməsi göz qabağındadı, qənaətin gözlənməməsi büdcəni sümürmürmü, beləcə davam edib nəyisə gözləmək iqtisadiyyatımızı silkələmirmi. Əlbəttə müharibə bitsə də ordu olacaq. Amma yoldaşlar yaman plansız və bədxərcik. Müharibə bunu sevmir. Yeni dünya şərtləri, iqtisadi təlatümlər bunu heç sevməyəcək.

Belə götürəndə Surətin elə “uşağı” da yox idi. Dövlət irəli durmayanda, vaxtında və cəld qərarlar qəbul etməyəndə, hadisələrin arxasında sürünəndə “özünümüdafiə” başlayır,  “qəhrəmanlar” peyda olur. İndi saysız-hesabsız, dövlətçiliyin nə olduğunu bilməyən, “toplanış” məntəqələrində ancaq çeşidləmə işinə baxan hazırkı bir cox genaralların da heç onlardan fərqi yoxdu.  Müharibədə xaosa yuvarlanmamaq üçün yüz-ölçüb bir biçmək vacibdi. Bu xaosu yaşamamaq üçün 1 ay, 3 ay, hətta 6 ay gözləməyə dəyər. Ancaq bütün şərtləri öz lehimizə çevirməklə. Hələ başlamamış xain axtarışına çıxmamaq və yaxud sizin söylədiyiniz fikrləri xain fikirlər kimi təqdim etməmək şərtilə.    

Bəs bir açıqlama verəcəyimi demişdim. Hörmətli deputat. Xeyli əvvəllər “Hyat Reycens”in, “İSR Plaza”nın, “Park İnn”-in brifinq zallarında NATO tədbirlərində, beynəlxalq təşkilatların orduyla bağlı təşkil etdiyi müzakirələrdə sizinlə rastlaşırdıq. Silahlı Qüvvələrə  ictimai nəzarət  əsasən o dövrün Müdafiə naziri Səfər Əbiyevin timsalında orduyla bağlanırdı, əksinə də demək olar və onu tənqid edən “MilAZ”-ın baş redaktoru  Cəsur Sümərinli ilə tanış olduğunuz anda ona onunla tanışlığına şad olduğunuzu bildirən momentdə yanınızda dayanan biz zabitlərə Səfər Əbiyevin tör-töküntüsü kimi baxıb ünsiyyət qurmaqdan imtina eləməyiniz də yadımdadır.  Düzdür, bununla mən, nəyəsə işarə edərək  “Mən türk oğlu türkəm” deyib açıqlama verən nə Səfər Əbiyevin tərəfini saxlamaq, nə Sümərinlinin fəaliyyətini qabartmaq, nə də  Ali Baş Komandanımız İlham Əliyevin mandat verdiyi keçmiş nazir və deputatımızı bağlayan və bağlamayan tellərin haracan uzanıb getdiyini araşdırmaq qəsdində deyiləm. Sadəcə Sizin orduyla maraqlanan biri olduğnuzu diqqətə çatdırmaq, ordunun xalqa aid olmasını, nazirlərin gəldi -gedərliyini xatırlatmaq istədim.  Söz onda yox ki, o vaxt NATO-nun gur yanan işıqları indi cox uzaqda sayrışır. Bəs bu necə olur biz axı müttəfiqlər axtarırıq. Orduyla bağlı mükaliməmizin bir tezisinin də bu olacağını bəri başdan bildiyim ücün bunu dedim. 

Elə buradaca, hücumda qəfilliyin böyük üstünlük olduğunu nəzərə alaraq tərəfmüqabilimdən qəfil soruşuram -2013-cü, 2016-cı, 2020-ci il Azərbaycan Ordusu bir-birindən nə ilə və nə qədər fərqlənir. Bizə gözləmək, dayanmaq nəsə verəcəkmi? Yaxın müddətəmi gözləyək, yoxsa illərlə, bəlkə heç gözləməyək?

Ordumuz yaranandan bu günə kimi 10 dəfəyə yaxın adı dəyişdirilən, bundan əvvəlki adında ictimaiyyətlə əlaqə frazası olsa da, cəmiyyəti bizim mətbuat açıqlamalarından deyil, Şuşanyandan daha cox danışdıran, hərbi jurnalı bağlanan, hərbi kinostudiyası verilişsiz qalan,  hərbi qəzeti sandıq qəzetinə çevrilən, ələlxüsus da “zampolitləri”  hamıdan cox və hamıdan qabaq tərxis olub ordudan çıxan hazırkı adı İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin mütəxəssisləri yaxşı bilir ki, komandirin döyüş əmrinin hazırlanmasında bu müqabildən olan kəslər tərəfindən hazırlanan arayışda aşağıda diqqətə çatdırılan və hörmətli deputatımızla müzakirə predmeti kimi təqdim etmək istədiyim  düşmən və öz birləşmələrimizin müqayisəsi zəminində göstərilənlər mütləq olur: 

- döyüş təcrübəsi olan zabitlərin faiz göstəricisi; ordumuzda döyüş təcrübəsi olan zabitlərin sayı 2013, 2016-cı ildə nə qədər olub və 2020-ci ildə nə qədərdir;

- döyüş təcrübəsinə malik olan şəxsi heyətin faiz dərəcəsi;  2016-cı ildəmi cox olub, indimi.   

- ordu və yerli əhali; ermənilər işğal olunmuş rayonlarımızda məskunlaşma aparmaqla, olmayan əhali yaratmaqla bunu hər gün xeyrlərinə dəyişirlər. 

- peşəkarlıq səviyyəsinə görə; 2013-cü ildən 2020-ci ilə qədər nə qədər aşağı ranqlı mütəxəssis, müddətdən artıq həqiqi hərbi qulluqçu tərxis olunub, gənc mütəxəssislə əvəz olunub. 

- digər qoşun növləri ilə qarşılıqlı əlaqə; DSX-da məlum son hadisələri nəzərə alın.

- 2013-cü illə müqayisədə şəffaflığın təmin edilməsi azalıb, 2016-cı illə qiyaslayanda bu gün şayiələr coxalıb, ordu ilə bağlı intriqant söhbətlər artıb. 

- təxribatçı qruplar fəallaşıb, hətta düşmən dezinformasiyasının keçən il kütləvi təxribatlar yaradacağı ilə ordunu hədələməsi müəyyən təsirlər oyadıb və s. 

Soruşa bilərsiz ki, elə bu və niyə bu? Xeyr, sadəcə əməliyyat şəraitinə və sahəsinə aid cox az məlumatı deyərək indi göstərdiyimiz və bundan sonrakı gedişatda da deyəcəyimiz nüanslarla sübut etməyə çalışırıq ki, məsələ uzandıqca deyəsən qazanmırıq, itiririk, həmçinin son vaxt mətbuatımız tirajlayır ki, əsas texnika və ruhdu, o da bizdə. Ruh ola bilər, döyüş ruhu isə yaradılır. Böyük ədalət də buna kömək edir və baş rolda çıxış edir. Texnika haqqında da qısa demək istəyirəm. 2013-cü ildə də yenilənmiş silah və texnika parkı vardı, cəbbəxanalar və anbarlar dolu idi, Aprel döyüşləri zamanı olanların üzərinə yeniləri də əlavə olunmuşdu. Silah və texnikanın 2016-cı ildə 2013-cü ildən daha cox, 2020 –ci ildə 2016-cı ildən daha cox amortizasiyaya uğraması aksiomadır, sursat və cihazların sərfi və sıradan çıxmasının daha cox olması zənn ediləndir. Görünən odur ki, gözlədiyimiz 10 ildə və ya 4 ildə məncə elə də cox şey qazanılmayıb. Nəzərə almalıyıq ki, ordu təkərlər və tırtıllar üzərindədir, cöl və iqlim şəraiti hərbi əmlakların istismar müddətini qısaldır. Demək xərc-xəsarət bizi basıb yeyir. Yenilərini almaq yeni iqtisadi imkanlar tələb etmişdir və edir.  Hörmətli deputatların da dediyindən belə çıxır ki, biz müharibə aparmaq üçün daha da iqtisadi və siyasi cəhətdən güclənməliyik. Ordumuzun güclənməsində iqtisadiyyatımızın rolu ilə bağlı bir az sonra. Lakin birmənalı şəkildə demək olar ki, hazırda resurs və baza baxımından düşməndən qat-qat güclüyük. Siyasətlə ordu bağlılığından da  nəsə qeyd edəcəyik. 

Azərbaycan indiki qədər heç vaxt güclü olmayib-deyə yazılır. Geniş və dərin siyasi aspektləri bura qarışdırmaq öz timsalımda bir əsgərin marağında deyil. Ancaq ölkə Prezidenti əsas güc olan Azərbaycan Ordusunda hansı yeniliyi, inkişafı dəstəkləməyib, neçə-neçə Baş İdarələr yaradılıb etiraz edibmi, onlarla hərbi hissələr yaradılıb dəstək verməyibmi, hətta ölkəmiz üçün taleyüklü bir qoşun növünün qəsdən cılızlaşdırılıb sıradan cışxmasının  qarşısını O almamışdımı, bunu ki orduda hamı bilir. 2013-cü ildə də Ali Baş Komandan O idi və əsgərlərin pulla hərbi hissələrə təyin olunma ehtimalı sıfra bərabər idi. Döyüşçü üçün ən böyük ədalət, ən böyük mənəvi-psixoloji təminat ona qarşı ayrı-seçkiliyin olmamasıdır. 2016-cı ildə ordumuz demək olar ki, peşakar orduya çevriləndə də Ali Baş Komandan O idi. İndi isə  tərxis olunaraq ordudan kənarlaşmalar bu peşəkarlaşmanı yerində saydırır. Ancaq  bu bir yandan da böyük bir ehtiyatın yaranmasına imkan verir, onu da qeyd edək.  Pensiya hüququ əldə edən kimi, xəstəliklə ehtiyata cıxan zabit, gizir və mütəxəssislərin sayı son dərəcə artmışdır, əlbəttə də ki, yeniləri sıralara daxil olmuşdur, ancaq bunun iqtisadi, hərbi, mənəvi tərəfləri tamam ayrıcalıq daşıyır və bundan danışacağıq. 

Ölkə Prezidenti də çıxışlarında deyir ki, 20 minə yaxın mülki qulluqçu hərbi qurumlarda çalışır. Cox yaxşıdır bu. Lakin hərbçi yöndəmi formalaşmayanları nələrə görəsə xidmətdə saxlamaq, xırda bir səhvdən bir peşəkarı uzaqlaşdırb ştatda boş olan yerlərə 10 nəfəri götürüb iş yeri yaratmaq kompaniyasına çevrilməməlidir ordu. Mobil, döyüşkən, hazırlıqlı, çevik, şüurlu hərbi intizama malik, vətənpərvər şəxsi heyət formalaşmaldır orduda. 

İndi beynəlxaq məsələlər üzrə mütəxəssilər də səsləndirir ki, beynəlxalq vəziyyət də bizim tərəfimizdədir. Elədirsə düşməni hay salıb ayıldıb özünü isə yerində oyalamaqla, onların tədbir görməsini gözləməyin nə gərəyi var. Onsuz da əlverişli ərazi şərtlərini bir az da artırmalarına niyə imkan verməliyik. 2016-ci ildə düşmən təmas xəttində nəzarət kameraları quraşdırmamışdı. Ancaq həmin vaxt bizim PUA-lar, “Şahin Gözlər” düşmənin təsəvvür etmədiyi əlimizdə olan mühüm imkanlar idi.  Ordumuzun məişət şəraitinin və qidalanmasının yüksək səviyyədə olması birmənalıdır. İndiki şəraitdə hec bir fərd, heç bir qurum dövlətə yükə çevrilməməlidir. Dediyimizdən daha cox deyə bilmədiyimiz bir cox məsələlər var ki, döyüş əməliyyatlarına başlamağı uzatmaq çağrışının əleyhinədir. Qarşımızda dayanan hücum əməliyyatı yüksək dəqiqlikli və sərrast atıcı siahların gücü ilə aparılacağına baxmayaraq ildırımsürətli olması bizim üçün cox vacibdir.  Vaxt uzanması  hücumun dərinliyinin azalması ilə düz mütənasib olar. Məşvərət, hazırlıq, manevr və qəti qərarlar vaxtıdır.  

Zakir Hüseynov

0