Çinə ağır zərbə planı: böyük güclər toplanır

SİYASƏT
21:11 / 02.06.2020
1253

ABŞ koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyanı Çindən təzminat olaraq almaq istəyir. Məhz bu səbəbdən də G-7-nin növbəti iclasında üzv və qonaq ölkələrin əsas müzakirə mövzusunun Çinin gələcəyi olacağı bildirilib.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın G-7 sammitini sentyabra qədər təxirə salmaq və bura daha dörd ölkəni dəvət etmək istəməsini şərh edərkən deyib. O bildirib ki, G-7-nin hazırkı tərkibi dünyada baş verən proseslərə lazımınca münasibət bildirmir:

“Bu gün faktiki olaraq G-7 ölkələri adlanan Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ dünya iqtisadiyyatının təxminən 65%-ni təmsil etmir. Çünki hazırda Çin, Hindistan, Braziliya, Avstraliya, Türkiyə, Cənubi Koreya, hətta Nigeriya belə dünya iqtisadiyyatında önəmli paya sahibdirlər. Bu mənada gələcəkdə G-7 üzvlərinin sayının artmasını gözləmək olar”.

Q.Hüseynli bildirib ki, G-7-nin növbəti iclasında üzv və qonaq ölkələrin əsas müzakirə mövzusunun Çin olması heç də təsadüfi deyil:

“Koronavirus pandemiyasının birinci dalğasının ardından indi də ikinci dalğanın başlandığı elan edilib. Birinci dalğanın dünya iqtisadiyyatına vurduğu ilkin zərər 4 trilyon dollardan çoxdur. İkinci dalğanın miqyası isə hələ bəlli deyil. ABŞ dünya iqtisadiyyatına dəyən zərərin birbaşa məsuliyyətini Çinin üzərinə atmaq istəyir. Əslində, koronavirusun Çində başlaması ABŞ üçün əvəzsiz fürsət oldu. Çünki Çinin son 5 il ərzində ümumdünya iqtisadiyyatında önə keçməsi ABŞ-ı ciddi narahat etməyə başlamışdı. Məhz bu səbəbdən ABŞ istənilən yolla Çini zəiflətməyə çalışırdı. Düşünürəm ki, Tramp G-7-nin növbəti iclasında üzv və qonaq ölkələri Çindən dünya iqtisadiyatına dəyən 4 trilyon məbləğində təzminatın birgə alınması yönündə təzyiqlərin edilməsinə səsləyəcək. Əgər Tramp bu istəyinə nail ola bilsə, Çin iqtisadiyyatına ciddi zərbə vuracaq. Hətta Çin iqtisadiyyatını borclu və asılı vəziyyətə sala bilər”.

Politoloq Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanın G-7-nin iclasına dəvət edilməsi səbəbi haqda danışıb:

“Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanın G-7-nin iclasına dəvət edilməsi heç də təsadüfi deyil. ABŞ-ın bu ölkələri Çin ətrafında müzakirəyə çağırmasının başlıca səbəbləri var. Öncə onu deyim ki, Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistan bu gün dünya iqtisadiyyatında hərbi elektrotexnika, kənd təsərrüfatı və sənayə potensialına malik, inkişaf etməkdə olan ölkələrdir. Digər tərəfdən, bu ölkələri ayrı-ayrılıqda təhlil etmək lazımdır. Rusiya Krımın işğalından sonra bu qurumun sıralarından uzaqlaşdırılmışdı. Lakin bununla belə, ABŞ-ın Çin mövzusunda Rusiyaya ehtiyacı var. Çünki Rusiyanın özü də koronavirusdan ciddi iqtisadi ziyan çəkməkdədir. Rusiyanın Çinə qarşı istənilən fəaliyyətdə yer alması real görünməsə də, ABŞ təzminat məsələsində Rusiyanı razı salsa, bu, Çinə böyük zərbə ola bilər. Hindistan və Çin arasında yarım əsrə yaxındır davam edən ərazi iddiaları səbəbindən iki ölkə faktiki olaraq gərginlik içindədir. Məhz bu səbəbdən Hindistanın Çinə qarşı ABŞ-la birlikdə olması realdır. ABŞ qədər Hindistan da Çinin zəifləməsində maraqlı olan bir ölkədir. Cənubi Koreya Çindən sonra Asiyada koronavirusdan ən çox əziyyət çəkən ölkədir. Digər tərəfdən, Çinin Şimali Koreyaya yardım etməsi də bu iki ölkə arasında soyuqluğa səbəb olub. Avstraliya isə ümumilikdə G-7 iclasına neytral mövqeyi səbəbindən dəvət olunub.

Bütün hallarda G-7-nin sentyabrda baş tutacaq iclasında Çinə dair çox önəmli bir qərar çıxacağı gözlənilir”.

0