Liviyada gərginliyin artması fonunda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) oğul Qəddafinin izinə düşməsilə bağlı yeni iddialar ortaya çıxıb.
Türkiyə KİV-i xəbər verir ki, beynəlxalq güclər arasında münaqişələrin mərkəzinə çevrilən Liviyada toqquşmalar davam edərkən AKP-yə yaxın mənbələr devrilmiş diktator Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin Xəlifə Haftarın qüvvələrinə qarşı Fayez əs-Sarrac hökumətinə dəstək verməsindən sonra MİT tərəfindən izləndiyini açıqlayıb. S.Qəddafiyə qarşı sui-qəsd ediləcəyi və ya həbs olunacağı ehtimal edilir.
Mənbələrin yazdığına görə, hazırda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Rusiya tərəfindən dəstəklənən Liviya Xalq Ordusunun başında olan Həlifə Haftar qüvvələri ilə Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin dəstəklədiyi mərkəzi Tripolidə yerləşən Sarrac hökuməti arasında qarşıdurmalar davam edir.
Mərkəzi ofisi İtaliyada yerləşən “NOVA” Xəbər Agentliyi MİT-in Qəddafinin oğluna sui-qəsd olunması və ya həbsi üçün hərəkətə keçdiyini yazıb. Bu barədə agentliyə Liviyanın Zintan şəhərindən hərbi lider Məhəmməd Bukra məlumat verib. Onun sözlərinə görə, S.Qəddafi təhlükəsiz yerdədir, onun yeri çox az adama məlumdur və kəşfiyyat onu tapa bilməyəcək.
Bu yaxınlarda “Al Masdar” dərgisinin Afrika xəbər portalına istinadən verdiyi məlumatda Türk kəşfiyyatının Tripolidəki Hadaba həbsxanasının keçmiş rəhbəri Xalid Əl-Şərif və Əbdülhakim Əl Hacın rəhbərliyi ilə əməliyyata hazırlaşdığı bildirilirdi. Məqsəd Seyfülislam Qəddafini öldürmək, həbs etmək və ya siyasi rolunu dayandırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinə təslim etməkdir.
Lakin Livyadakı türk hərbi qaynağı bildirib ki, Qəddafinin oğlunun MİT tərəfindən öldürüləcəyi haqda xəbərləri Xəlifə Haftara bağlı çevrələr ortaya atıb. Məqsəd Seyfülislamın Türkiyə ilə anlaşmasını əngəlləmək və onun Haftarın tərəfinə keçməsinə nail olmaqdır.