Siyavuş Novruzov: "Hansısa nazir həbs edilsə, təəccüblənməyəcəm"

ÖLKƏ
10:10 / 07.05.2020
2190

"Kiminsə qolu qüvvətlidirsə, zorla kiminsə əmlakını tutub ala bilməz. Amma bununla yanaşı, orada fəaliyyət göstərən hüquq-mühafizə orqanları ilk növbədə özlərinin rəhbərliyinə bu barədə geniş arayışlar təqdim etməliydilər. Onlar bəhanə gətirə bilərlər ki, icra hakimiyyətinin başçısıdır, buna gücləri çata bilməz... Amma bunlar öz rəhbərliyini məlumatlandırmalıydılar”.

Hit.Az xəbər verir ki, bunu "Yeni Müsavat”a müsahibəsində YAP icra katibinin müavini, deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

Belə neqativ hallar var idisə, hüquq-mühafizə orqanlarının bir funksiyası da dərhal ölkə rəhbərliyini məlumatlandırmaq idi

O, bildirib ki, rəhbərlik də ölkə başçısına məlumat verməliydi ki, filan rayonda bu hadisələr baş verir, əhalini ciddi şəkildə narahat edirlər, əhalini dövlətdən, dövlətin siyasətindən narazı salırlar:

"Bununla bağlı da lazımi ölçülər vaxtında götürülsəydi, nə o icra başçısı həbs olunardı, nə insanların haqqı o dərəcədə pozulardı. Biləsuvarda bir gündə bunları eləməyib, yaxud koronovirus dövründə olmayıb ki... O torpaqların alınması yəqin illər boyunca olub. 150 sahibkar iddia edir. İndi onların neçəsi haqlıdır, neçəsi haqsızdır, bununla bağlı araşdırmalar gedir. Bəlkə də eləsi var ki, torpağını satıb, indi deyir başçı əlimdən alıb. Belə hallar olur. Şikayətlər daxil olur, araşdırırsan ki, oğul gedib torpağı hansısa sahibkara, ya başqasına satıb, atası, ya qardaşı gəlib şikayət edir. Ortaya nəticə çıxır ki, vəsaiti bölə bilməyiblər. Amma bununla yanaşı, belə neqativ hallar var idisə, hüquq-mühafizə orqanlarının bir funksiyası da dərhal ölkə rəhbərliyini məlumatlandırmaq idi”.

S. Novruzov deyib ki, mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı da cəzalandırma addımları olacaq: 

"Cənab Prezident baş prokuroru təyin edəndə bu məsələ ilə bağlı tövsiyələrini verdi. Çatan siqnalları da qeyd elədi ki, mərkəzi icra hakimiyyəti orqanlarında müxtəlif şirnikləndirmə ilə işə götürürlər, başqa-başqa addımlar atırlar. Bununla bağlı da siqnallar daxil olduğunu qeyd etdi. Yəqin ki, bu məsələlərlə bağlı ölçülərin götürülməsinin şahidi olacağıq”.

"Deməli, hansısa nazirin həbsi xəbəri yayılsa, təəccüblənməyəcəksiniz, eləmi?” sualına cavab olaraq S. Novruzov deyib: "Təbii ki. Bu iş başlayıb. Sizə deyim ki, bu işin mərkəzində elə ümummilli lider olub. 1969-cu ildə hakimiyyətə gələndə və cəzalandırma ilə bağlı işlərə başlayanda deyirdilər ki, olmaz, bu, Kommunist Partiyasına qarşı addımdır, çünki kommunist rüşvət ala bilməz və sair. O vaxt Azərbaycanda qeyri-qanuni işlər görən bir neçə katib məsuliyyətə cəlb olundu. Həmin vaxt ümummilli lider o proseslərə başladı. 

Torpaq islahatları başlayanda da torpaqların ortaya çıxarılması, insanlar arasında bərabər şəkildə bölüşdürülməsi ilə bağlı ümummilli lider tərəfindən addımlar atıldı. Bu addımlar isə ümumxalq əmlakının dağıdılmasının xeyli qarşısını aldı. Yəni bunlar olub. İndi isə neqativ hallara qarşı mübarizənin yeni mərhələsidir. Özü də ciddi mübarizə gedir. Bu, bir xəstəlikdir. Amma deyim ki, belə hallar bütün dünyada var. Avropa İttifaqının komissarı məsuliyyətə cəlb olundu ki, 7-8 milyard avronu məqsədi məlum olmayan yerlərə sərf edib. Yəni belə hallar hər yerdə olur. Ya da FİFA-nın rəhbərliyinin fəaliyyəti araşdırılır. Ya oyunçularla bağlı nələrsə ortaya çıxır. Yəni harada pul varsa, orada bu kimi məsələlərə rast gəlmək olur. Amma Azərbaycanda konkret olaraq bu kimi hallara qarşı ciddi mübarizə aparılır. Mübarizə həm islahat yolu ilə aparılır, həm məsuliyyətə cəlb etməklə, inzibati metodlarla”.

2