Burda söhbət dövlətin və millətin xilasından gedir - Rauf Zeyni

ÖLKƏ
09:44 / 03.06.2020
1119

35 QHT-nin birləşdiyi ictimai platforma "Ehtiyatlı ol" başlığı altında əhaliyə müraciət edib, vəziyyətin nə qədər ciddi olduğu haqqında insanlara məlumat çatdırıb. Xəbərdarlıq edilib ki, koronavirusa biganə yanaşmasınlar, etinasız olmasınlar, virusun ciddiliyini qəbul etsinlər.

HİT.Az-ın xəbərinə görə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, bəzi vətəndaşlarımız bu virusun ciddi problem olduğuna inanmır: "Sanki əmindilər ki, onlara heç nə olmayacaq. Bu, ilk növbədə məsuliyyətsizlikdən qaynaqlanır. Necə ki bəzi insanlar qida təhlükəsizliyi ilə bağlı, sağlamlığının zərbə altında qalması ilə əlaqədar məsuliyyətsizlik edirlər.

Bu gün də koronavirusla yaşanan hal cəmiyyətimiz, ölkəmiz, ailələrimiz üçün problem olan məlumatsızlıqdan irəli gələn məsuliyyətsizlikdir. Bu qədər maarifləndirmə tədbirləri görülür, təbliğat aparılır, KİV-də məlumatlar yayılır, amma məhəl qoymayanlar gündən-günə artır".

Rauf Zeyni vətəndaşları məsuliyyətli olmağa çağırıb: "İnsanları, vətəndaşları bu problemin daha da genişlənməsinə, pandemiyanın daha da qol-qanad açmasına, virusun cəmiyyətdə yayılmasına şərait yaratmamağa çağırıram. Çünki nə qədər məlumatsızlıqdan məsuliyyətsizlik etsək, problemç bizim üçün bir o qədər uzanacaq. Hökumət karantin rejimini uzatmaq məcburiyyətində qalacaq. Bu da bizim həyatımızın bərpa olmasında çətinlik yaradacaq, prosesi gecikdirəcək. Burda millətin və dövlətin xilasından söhbət gedir. Gəlin cəmiyyətimizi, dövlətimizi zərbə altında qoymayaq".

0