Bakıda polis maska taxmayanlara qarşı reydlərə başlayıb.
HİT.Az xəbər verir ki, polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq paytaxtda nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə profilaktik tədbirlər keçirir. Bu məqsədlə nəqliyyat axınının və sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda, qapalı məkanlarda reydlər aparılır.
Polis karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələrini verir, qaydalara məhəl qoymayan, polis qanunu tələblərinə riayət etməyənlərlə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir. Tibbi maskadan istifadə etməyən vətəndaşlar isə inzibati qaydada cərimələnir.
Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Bu, Prezident İlham Əliyevin iyunun 2-də təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.