Dənizkənarı Milli Parkda sakinlərin və turistlərin böyük marağına səbəb olan “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgi yenidən vətəndaşların ixtiyarına verilib.
Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib.
Onun sözlərinə görə, sərgidə nümayiş etdirilən 100-dən çox fotoşəklin əksəriyyəti ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur:
"Şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanaraq yüksək keyfiyyətlə bərpa edilən nadir fotoşəkillər Dənizkənarı sahilin və Bakı bulvarının 1861-ci ildən 1990-cı illərə qədər olan tarixini əhatə edir. Sərgidə Bakı şəhərinin dənizdən çəkilmiş ilk fotoşəkilləri də (1860-cı illər) nümayiş olunur. Açıq havada təşkil edilən sərginin məqsədi Bakı bulvarının tarixi inkişaf mərhələlərinin əyani surətdə nümayiş etdirmək, vətəndaşları, o cümlədən xarici turistləri maarifləndirməkdir".