Azərbaycan səhiyyəsi bu şişi ortaya çıxara bilmədi - Mehman Hüseynov

ÖLKƏ
15:32 / 03.06.2020
1606

Xərçəng xəstəliyindən əziyyət çəkən və hazırda İsveçrədə müalicə olunan məşhur bloqer Mehman Hüseynov "Facebook" hesabında səhhətiylə bağlı açıqlama yayıb.

HİT.Az xəbər verir ki, M. Hüseynov dostlarına onu xilas etməyə çalışdıqları üçün təşəkkür edib: "Artıq çətinliklərə öyrəşmişəm. Həyat məni hər dəfə sınağa çəkir. 7 il ölkədən çıxışıma qadağa qoyulmuşdu, polis bölmələri, döyülmə, 2017-də həbs edirlər, həbsdə olduğum vaxtı anamı itirmişəm, sonra yenə həbsimi uzatmaq istədilər, həbsdən çıxdım yenə döyüldüm və nəhayət bir gün həkim gəlib deyir ki, bala, sən xərçəngsən. Həyatım tələb edir ki, mubarizə aparım. Əminəm ki, bu şişi də məhv edəcəm.

Bu xərçəng hardan çıxdı, bilmirəm. Amma bu şişi Azərbaycan səhiyyəsi ortaya çıxarda bilmədi. Ayağımda damarlar çıxmışdı, bizim klinikalara gedib müayinə olunurdum, həkimlər deyirdi narahat olma, ayağındaki damarlar adi varikozdur. Amma damarlar niyə çıxıb, səbəbi nə olub onu demirdilər. Yeni il ərəfəsi döyüləndən sonra isə heç bir xəstəxana mənə yaxın durmadı. Məni siyasi baxışlarıma görə yaxın buraxmırdılar. Ona görə məcbur oldum getdim Tiflisdə müayinə olundum. Ordakı həkimlər bildiriblər ki, ayağındakı damarlar elə-belə əmələ gəlməyib. Səbəb isə odur ki, damar gəlir qarnımın aşağı hissəsində yox olur. Müayinə edib bildiriblər ki, qarnımın aşağı hissəsində şiş var. Şübhələnirik ki, onkoloji ola bilər, olmaya da bilər. Biopsiya edib, cavablar çıxdıqda gürcü həkimləri bildiriblər ki, biz dəqiqləşdirə bilmirik bu nə şişdi. Biz sizə məsləhət görərdik ki Avropda müayinə edəsiniz, çünki orada dəqiq sizə deyəcəklər.

Bakıya qayıdıb seçkilərdə iştirak edib sonradan İsveçrəyə gedəsi oldum müayinə üçün. Ölkədən çıxan kimi COVİD 19-a görə ölkəyə giriş-çıxış bağlanıb. İsveçrədə 2 ay ərzində həkimlər müayinə edib və yekun qərarı təqdim edib və bildiriblər ki, onkoloji şişdir və burada vaxt itirmək olmaz, təcili müdaxilə lazımdır. Lakin o məbləğ nağd əlimizdə olmadı. Mənə burada təklif etdilər ki, gedib İsveçrə hökumətinə müraciət edib, mühacir kimi qalım burada. Məni hər şey ilə təmin edəcəklər və üstəlik bu müalicən, əməliyyatın pulsuz başa gələcək. Yalnız mühacir olduğum halda bu əməliyyat pulsuz oluna bilər. Siz indi yəqin düşünərsiz ki, mənim başım çatışmır, dəliyəm, amma elə düşünün. Düşünün ki məndə çatışmır”.

M. Hüseynov mühacirlik təklifindən imtina etdiyini vurğulayıb: “Mən qəti bu qərarı rədd etdim və heç bir Avropa ölkəsinə müraciət etməkdən söz gedə bilməz. Bu təklifdən imtina etdim. Mənim öz ölkəm var Azərbaycan, öz xalqım var. Həyatımın bir hissəsini korrupsiyaya əli batmış məmurlarla mübarizəyə həsr etmişəm. Çalışmışam xalqa xidmət edim, ölkədə baş verənləri çəkib göstərim. O boyda çətinliklərdən keçib əziyyət görüb sonra durub ölkədən imtina edib mühacirliyə gedən deyiləm. Ölkə hamımızındır, ölkədə problemlər var, deməli, bizlər hamımız ölkəmizə sahib çıxmalıyıq. Mən bundan sonra əgər ayağa qalxsam öz ölkəmdə mübarizəni aparacam. Əgər sağlamlığım imkan verməsə belə yenə də öz ölkəmdə yaşayacam, çalışdığım qədər xalqa xidmət etməyə davam edəcəm. Düşündüm ki, bu xəstəliklə qayıdacam ölkəmə. 

Lakin çıxılmaz vəziyyəti nəzərə alaraq, qardaşım təklif etdi ki, petisiya edək Azərbaycan xalqına müraciət edək və ianə toplayaq. Buna da mən yox cavabı vermişdim. Mən xalqın sosial vəziyyətini nəzərə alıb dedim ki, buna da razı deyiləm. Həm də istəməmişdim bu məsələ haqqında yazıb sizləri narahat edim. Ən pis halda düşünürdüm ki, mənin Azərbaycanda evim var, onu satıb bir təhər özümü müalicə edərəm. Amma bunu üçün gərək ölkəyə qayıdıb evi satıb pulu əldə edib yenə qayıdıb müalicə etmək lazım idi. Nəzərə alsaq ki, ölkəyə giriş-çıxış bağlıdır və mənim onkoloji şişə müdaxilə olunub deyə vaxt itirmək olmaz idi. Həkimlər də bizə təcili olaraq radioterapiya elətdirib, əməliyyat götürmək istəyirlər, çünki getdikcə vəziyyətim pisləşir. Ona görə çıxılmaz vəziyyətdə, qardaşım Azərbaycan xalqına müraciət etdi. Və yəqin düz edib. Xalq məni çətin vəziyyətdə qoymadı. Mən də öz qərarımı düzgün etdiyim üçün çox rahatam. Deməki bu xalq üçün, bu ölkə üçün min əziyyətlərdən keçməyə dəyər. Çox sağolun ki bu vəziyyətimi nəzərə alıb dəstək oldunuz. Hamınızı sevirəm. Sağlamlığınızı qoruyun”.

0