Prezident icra başçısına iradını bildirdi: "Bunu pozun və..."

ÖLKƏ
18:54 / 03.06.2020
3469

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Hit.Az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verib.

Bildirilib ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

Prezident İlham Əliyev: "Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın".

Prezident İlham Əliyev: "İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər".

Qeyd edək ki, muzeydə xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları nümayiş etdirilir. Burada, həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar sərgilənir. Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə hündürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub.

1