Biz hakimiyyətə gələcəyimiz təqdirdə Prezident Zviad Qamsaxurdiyanın ideyalarını reallaşdıracağıq.
Axar.az xəbər verir ki, bunu Gürcü Marşı ultramillətçi hərəkatının rəhbəri Sandro Breqadze deyib. Breqadze Gürcü Marşının təkcə Qamsaxurdiyanın yox, həmçinin Qurucu Davidin (IV David) davamçıları olduğunu deyib.
O, təşkilatının Kreml və Primakov Fondu ilə əlaqəli olmadığını söyləyib.
Abxaziyanın itirilməsində Primakovun mühüm rolu olduğunu deyən Breqadze Gürcü Arzusu və Vahid Milli Hərəkat Partiyasından narazı olanları öz təşkilatına qoşulmağa səsləyib:
“Şevardnadze hökuməti Abxaziyanı satdı, Saakaşvili hökuməti Sxinvali regionunu verdi. Bu hökumət isə Keşikçidağı satır”.
Breqadze Gürcüstanı cəhənnəmə çevirənlərə, kilsəni parçalamağa çalışanlara cəhənnəm yaşadacaqlarını deyib.
Qeyd edək ki, bundan öncə Dövlət Sərhəd Xidməti məlumat yayaraq, Keşikçidağ istiqamətində provokasiya təşkil ediləcəyi məlumatı aldığını və bu provokasiyalara dərhal cavab veriləcəyi xəbərdarlığını edib.