\"Bu adamların cəzalandırılması qaçılmazdır\"- İlham Əliyev

19:29 / 07.05.2020
2142

"Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır".

Hit.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı deyib.

"İndiki şəraitdə xüsusilə kasıb adamların maaşını mənimsəmək, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkmək, bu da xəyanətdir. Son müddətdə həbs olunan icra başçılarının beşi də bu bəd əməllərdə təqsirləndirilir. Son həbslər də onu göstərir. O icra başçılarının, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxıb, yüzlərlə. Mənə verilən məlumata görə, son tutulan icra başçısının iş otağından 140 ödəmə kartı çıxıb. Bu, nədir? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk. Əvvəl də verirdik. Biz ildə otuz min, qırx min belə adamı ictimai işlərə cəlb edirdik - hansısa binanın rənglənməsi, yaxud da ki, onların bağçaya xidmət etməsi və digər işlərə. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırdılar, bu gün 250 manat. Amma onlara çatacaq kartlar icra başçıları tərəfindən götürülür, sonra o pullar mənimsənilir. Kasıb adamlar da işsiz və pulsuz qalır. Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam etdirirlər. Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq. Bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşib ki, bu vəziyyətdən az itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri sağaldaq. Həkimləri qoruyaq ki, onlar insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə çirkin addımların atılması tamamilə qəbuledilməzdir. Bir daha demək istəyirəm ki, bu addımları atanlar, bu cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar", - deyə dövlət başçısı bildirib.

4