Düz 220 ildir ki, Amerika Birləşmiş Ştatlarının prezidentləri, məhz bu iqamətgahdan dünyanın siyasi proseslərinə, iqtisadiyyatına, müharibə və münaqişələrə müdaxilə edirlər və düz 220 ildir ki, Ağ Ev adı ilə məşhur olan bu iqamətgah öz siyasi imicini qoruyub saxlamağı bacarır, dünyanın diqqətini könüllü, yaxud məcburi şəkildə özünə cəlb edə bilir.
Ağ Evin inşası 220 il bundan öncə bu gün, 1800-cü ilin iyun ayının 4-də sona çatıb. Artıq ABŞ-ın 45-ci prezidenti Donald Trampın iş və yaşayış yeri olan iqamətgahın 44 prezident sakini olub. Yalnız ABŞ-ın birinci prezidenti Corc Vaşinqtona bu iqamətgahda məskunlaşmaq qismət olmayıb.
HİT.Az Musavat.com-a istinadla heç vaxt siyasi dəbdən düşməyən Ağ Ev haqqında ən maraqlı faktları təqdim edir.
1. Vaşinqton şəhəri, Pensilvaniya-avenyu 1600 ünvanında yerləşən Ağ Ev Amerikada prezidentlərin rəsmi iqamətgahı sayılır.
2. Prezident iqamətgahının inşa edilməsi ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun (1789-1797-ci illər) ideyası olub. Ağ evin tikilməsi haqqında qərarı məhz Vaşinqton imzalayıb və ilk təməl daşını da özü qoyub. Tikinti işlərinə birbaşa özü nəzarət etsə də, Ağ Evdə işləmək və yaşamaq Vaşinqtona nəsib olmayıb. Belə ki, bu möhtəşəm tikili onun ölümündən sonra hazır olub.
3. İqamətgahın arxitektoru amerikalı Ceyms Xoban olub və o, bu tikintidən sonra dünyanın ən tanınmış arxitektorlarından biri sayılıb.
4. Ağ Evin tikintisi 13 oktyabr 1792-ci ildə başlayıb, 4 iyun 1800-cü ildə sona çatıb.
5. 1800-cü ilin noyabrında ABŞ-ın 2-ci prezidenti Con Adams ailəsi ilə birlikdə Ağ Evin ilk sakinləri olublar.
6. 1800-cü illərdən prezident iqamətgahı Ağ Ev adlandırılsa da, bu ad 1902-ci ildə ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt tərəfindən rəsmiləşdirilib. Buna qədər isə onun rəsmi adı Prezident Sarayı olub.
7. Ağ Ev 6 mərtəbədən ibarətdir. 1860-cı ilə qədər iqamətgah Amerikada ən böyük tikili olub.
8. Ağ Evdə 132 otaq, 35 vanna otağı, 147 pəncərə, 142 qapı, 3 lift var.
9. İqamətgahın 3-cü mərtəbəsinin əsas hissəsi prezident ailəsi üçün nəzərdə tutulub.
10. Prezident adminstrasiyası iqamətgahın üçmərtəbəli qərb qolunda fəaliyyət göstərir. Prezidentin oval kabineti də məhz burada yerləşir.
11. 7 hektar ərazidə yerləşən Ağ Evin həyətində geniş park salınıb. Prezident adminstrasiyası bu parkdan müxtəlif tədbirlərin keçirilməsi üçün də istifadə edir.
12. Prezident iqamətgahı vaxtaşırı təmir olunur, bərpa işləri aparılır. Bütün təmir və bərpa işlərində Ağ Evin fasadı eyni qaydada, eyni rəngdə saxlanılır.
13. ABŞ-ın 33-cü prezidenti Harri Trumen prezidentliyi dövründə Ağ Evi əsaslı təmir etdirib. 4 il davam edən təmir 54 milyon dollara başa gəlib.
14. Ağ Evdə təxminən 500 nəfərə yaxın işçi çalışır. Onlar hər il 20-25 min nəfər rəsmi nümayəndə və qonaq qəbul edirlər.
15. Ağ Ev bir neçə toy şənliyinə də şahidlik edib. 1828-ci ildə Con Adamsın oğlunun toyu prezident iqamətgahında keçirilib. ABŞ-ın ayrı-ayrı dövrlərdə 22-ci və 24-cü prezidenti olan Qrover Klivlend 49 yaşında toyunu Ağ Evdə qeyd edib.
16. 1926-cı ildə ABŞ-ın 30-cu prezidenti Kalvin Kulic Ağ Evi ilk dəfə soyuducularla təmin edib, 1933-cü ildə isə iqamətgahın otaqlarında kondinsioner sistemləri quraşdırılıb.
17. Ağ Ev dünyanın ən güclü təhlükəsilik sistemləri ilə təmin edilib. İqamətgahın alt hissəsində iki mərtəbə hündürlüyündə bunker və tunellər mövcuddur.
18. Yeni seçilən prezidentlər Ağ Evdə zövqlərinə görə dizayn dəyişikliyi etmək hüququna malikdirlər. Bu iş əsasən birinci ledilərin üzərinə düşür. Otaqlarda divar rənglərinin dəyişdirilməsi, xalçaların və mebellərin yenilənməsi və bu kimi yenilikləri bütün prezidentlər həyata keçiriblər. Ağ Evin yalnız iki toxunulmaz statusda olan əşyası var. Oval kabinetdə olan iş masasını və ABŞ-ın 16-cı prezidenti olan Avraam Linkolnun çarpıyısını dəyişmək olmaz.
19. Hər prezident prezidentlik müddətini başa vurduqdan sonra onun ailəsi Ağ Evin muzeyinə xatirə olaraq bir hədiyyə bağışlayır.
20. Ağ Ev dünyada ən çox turist qəbul edən prezident iqamətgahı sayılır. 11 sentybar 2001-ci il hadisələrinə qədər iqamətgah hər gün orta hesabla 3-4 min turist qəbul edib. Həmin hadisələrdən sonra turistlərin qəbulu şərtləri həm dəyişdirilib, həm də məhdudlaşdırılıb.
21. Ağ Evin şəkli 20 dollarlıq əskinazın üzərində əks olunub.
22. Hər ABŞ prezidentindən Ağ Evdə bir yenilik qalıb. Kimi iqamətgahda kinoteatr yaradıb, kimi qapalı hovuz tikdirib, kimi kitabxananı genişləndirib və s. Amma təəsüf ki, bu nəhəng dövlətin Ağ Evdə məskunlaşan heç bir prezidenti dünyada sülhü bərqərar edə bilməyib, milyonlarla insanların həyatını məhv edən müharibələrə son qoya bilməyib...