Vitse-spiker Razi Nurullayevi mərsiyəxana bənzətdi

14:09 / 08.05.2020
1746

"Biz kifayət qədər bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daimə gündəmə gətirmişik. Onların aradan qaldırıılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.

Hit.Az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclis Sədrinin müavini, parlament İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib. Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yolu, mövqeyi var:

"Qüsurlar, nöqsanlar var. Bunların üzərinə gedən deputatlar da var. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır. Yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır”.

Vitse-spiker deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb:

"Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda, adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”.

Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib. O deyib ki, "1999-cu və 2009-cü ildə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satılıblar:

"Bu müddət ərzində bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır. Bələdiyyələrin nə səlahiyyəti var ki, başı qapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir?”

0