“Bandotdel” cinayətkar dəstəni belə aşkarladı (VİDEO)

ÖLKƏ
14:11 / 05.06.2020
1981

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əməliyyat tədbiri həyata keçirilib, qidaya yararsız 4 ton at ətini mal əti adı altında satmaq istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

HİT.Az DİN-ə istinadən xəbər verir ki, Biləsuvar rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.

Biləsuvar rayon sakini Mirzə Abbasovun rəhbərlik etdiyi dəstə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə o, İmişli, Cəlilabad, Salyan və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus Biləsuvar rayonunun Çaylı kəndində yerləşən fermada toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Mirzə Abbasov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları tərəfindən Mirzə Abbasova məxsus Biləsuvar rayonu Çaylı kəndi yaxınlığında yerləşən fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 ton mal və at əti aşkar olunaraq maddi sübüt kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarədə mütəşəkkil cinayətkar dəstənin başçısı Mirzə Abbasov, oğlu Elmar Abbaszadə və Biləsuvar rayon sakini Əmrah Muradov barəsində cinayət işi başlanılıb. Mirzə Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digərləri isə istintaqa cəlb olunublar.

Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin, həmçinin Mirzə Abbasovun yararsız ətləri satdığı ictimai iaşə obyektlərinin sahiblərinin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

 

0