Bu yataq ölkəmizə milayardlar qazandıracaq

İQTİSADİYYAT
02:26 / 13.05.2020
1752

Filizçay yatağı “AzerGold” QSC-nin istismarına hazırlıq gördüyü ən böyük layihəsidir. Balakən rayonunda yerləşən yataq filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilir və dünya miqyasında polimetal yataqları arasında öncül yerlərdə qərarlaşıb.

Hazırda yatağın ilkin hesablanmış filiz ehtiyatlarının, o cümlədən sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metalların ehtimal olunan həcmi 60 milyon tondur”.

Bunu Oxu.Az-a “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev bildirib.

Onun sözlərinə görə, geoloji kəşfiyyat işləri hazırda davam edir və planlaşdırılan tədqiqatlar nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona çatdırılması gözlənilir:

“Hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və s. bu kimi bir neçə uzunmüddətli mərhələni əhatə edir.

Layihədən asılı olaraq, istismara başlamaq üçün orta hesabla beş-səkkiz il arasında vaxt tələb olunur. Bütün bunlar nəzərə alınaraq, Filizçay yatağının istismara verilməsi 2027-ci il üçün planlaşdırılırdı. Lakin bütün səylərimizi səfərbər edərək, layihənin icrasını optimallaşdırmağa nail olduq və deyə bilərik ki, yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq”.

“Hazırda yataqda aktiv kəşfiyyat aparılır və cari ildə 14 min metr dərinlikdə qazma işlərinin görülməsi planlaşdırılır. Bununla yanaşı, ərazidə hidroloji monitorinqin aparılması üçün müvafiq hazırlıq işləri görülür.

Filizçay yatağının istismarı müddətində ölkə iqtisadiyyatına təqribən 10 milyard manat vəsaitin cəlb edilməsi, eləcə də dövlət büdcəsində 1 milyard manat həcmində verginin ödənilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1 000-dən çox yeni iş yerinin açılması deməkdir. Filizçay layihəsinin icrası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək”, - deyə Ariz Tarverdiyev qeyd edib.

1
Oxu.az