Sumqayıtın marşrut avtobuslarında kondisionerlər nə vaxt işləyəcək? - Rəsmi açıqlama

İQTİSADİYYAT
18:56 / 08.06.2020
1274

Son günlər havanın isinməsi və mövcud pandemiya şəraiti sərnişin avtobuslarında kondisionerlərin işə salınması məsələsini aktuallaşdırıb. Avtobuslarda sərnişin sıxlığını nəzərə alsaq, onlar ünvana diskomfort şəraitdə yetişirlər.

Sumqayıtın marşrut avtobuslarında isə kondisoner olsa da, əvvəlki illərdə fasilələlərlə işlədilməsi, yaxud ümumiyyətlə söndürülməsi əlavə narazılığa səbəb olub. Bəs görəsən bu yay avtobuslarda kondisioner nə vaxt qoşulacaq?

Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov Xeberle.com -a açıqlama verib. Onun sözlərinə görə, ölkədə yay mövsümü rəsmi olaraq iyun ayının 15-dən başlayır: "Bilirsiniz ki, əvvəlki illərdə də belə bir məsələ olmuşdu, havanın temperaturu yüksəlir, sərnişinlərdə narazıçılıq halları yaranır. Bizim üçün də əsas sərnişinlərin rahatlığıdır. Bütün tədbirlər həyata keçirilir ki, sərnişinlər avtobuslarla rahatlıqla daşınsınlar. Ümumilikdə şəhərə 206 avtobus var və hər biri kondisionerlidir, lakin bəzilərinin soyutma qurğularında problemlər var, hazırda işlək vəziyyətdə deyil. Təxminən 20 faiz avtobusda problem var, onların da təmiri üçün lazım olan detalları Türkiyədən sifariş vermişik. Təmir məsələsi tezliklə həll olunacaq və yay mövsümü rəsmi elan olunanadək kondisionerlər saz vəziyyətə gətiriləcək. İstisna hal kimi havalar kəskin isti keçərsə, kondisonerlərin vaxtından əvvəl istifadəsinə başlanıla bilər. Yay mövsümü ilə əlaqədar sürücü kondisioneri işlək vəziyyətdə saxlamalıdır, söndürməyə ixtiyarı yoxdur. Lakin avtobuslarımız iritutumlu və 3 qapılı olduğu üçün etiraf etməliyik ki, bəzən nəqliyat vasitəsinin sərinləşdirilməsində problemlər yaşanır”.

Məlumat üçün bildirək ki, yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, artıq Bakı şəhərində fəaliyyət göstərən sərnişin avtobuslarında sərinləndirmə sistemlərinin işə salınmasına göstəriş verilib. Sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq olunub.

 

0
Xeberle.com