Polisə zibil atmaq bomba atmaq kimi bir şeydir - Bu, təxribat idi?

12:16 / 08.06.2020
1856

"Mən hesab edirəm ki, bu məsələdə çox ciddi tədbir görülməlidir. Qoy başqaları görsün ki, belə eləmək olmaz. Bunun adı təkcə tərbiyəsizlik, mədəniyyətsizlik deyil, bunun adı təxribatdır".

Bunu Daxili İşlər Nazirliyinin Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirdiyi əməliyyat barədə danışarkən millət vəkili Fazil Mustafa deyib.

O mövcud vəziyyəti müharibə vəziyyətinə bənzədib və bildirib ki, polisə zibil atmaq güllə atmaq kimi bir şeydir: “İndi elə bir dövrdür ki, sanki müharibə vəziyyətidir. Müharibə vəziyyətində polisə zibil atmaq nə deməkdir? Bomba atmaq, güllə atmaq kimi bir şeydir. Başqa adı nədir? Polis uşağını, ailəsini, körpəsini evdə qoyub, problem yaranmasın, küçədə hər hansı bir hadisə baş verməsin deyə səni qoruyur. Sən niyə ona zibil atmalısan? Burada təbii ki, hamını məsuliyyətə cəlb etməkdən söhbət getmir, konkret kim atıbsa, məsuliyyət fərdidir. Ola bilsin ki, heç kim cavab vermir. Araşdırmaq üçün bu insanlardan müəyyən ifadələr alınacaq, kimin ki günahı yoxdur, onlar buraxılacaq. Hamının burada cəzalandırılmasından söhbət getmir. Amma kim atıbsa ciddi cəzalandırılmalıdır. Azərbaycan polisi də sənin övladındır, yaxınındır, polis səndən qeyri-qanuni nəsə tələb etməyib.

Məsələn metroda baş verən hadisə zamanı polis nə deyirdi? Deyirdi maska tax. Demirdi ki, mənə pul ver, yaxud da durduğu yerdə şiddət təbiq etməyib ki. Sənin xeyrinə olan bir ifadə deyib.

İndi bu polis küçədə qayda-qanuna əməl edir. Dövlət qayda qoyub ki, küçəyə çıxmayın. Sən onun üstünə bilərəkdən zibil atırsansa, bunun adı nədir? Mədəniyyətsizlikdən əlavə bu təxribatdır. Buna qarşı sərt tədbir görülməzsə onda hamı polis görəndə evindən üstünə zibil atacaq. Sabah kim qoruyacaq bu cəmiyyəti? Həkimlər və polislər bu gün ən çox əziyyət çəkən təbəqələrdir. Bunlar nə etməlidirlər? Araşdırmaq üçün gedir, deyir etiraf etsin, heç kim boynuna almır ki, mən atmışam. Polis nə etməlidir? Araşdırmalıdır, ifadə almalıdır, izahatları alınmalıdır ki, kim nə dərəcədə bu məsələyə bulaşıb və rolu nədir? Ondan sonra kimin günahı yoxdursa buraxılacaq. Polisin nə marağı var ki, binadakı 20 nəfərin hamısını cəzalandırsın, yaxud da məsuliyyətə cəlb etsin. Bu baxımdan mən burada hansısa narahatedici bir amil görmürəm”.

Millət vəkili həmçinin insanların da belə məsələlərdə bir-birinə nəzarət etməli olduğunu bildirib: “İnsanlar da bir-birinə nəzarət etməlidirlər. Qonşu qonşuya deməlidir ki, bu məsələdə bir az mədəni davran. Dünən mənim bir millət vəkili kimi küçəyə çıxmaq səlahiyyətim var idi. Həmçinin vacib işim də var idi. Amma mən başqasına pis nümunə olmamaq üçün çıxmadım. İmkanım ola-ola mən bunu etmirəmsə, icazəsi olmadığı halda bunu edən insana başqa nə ad vermək olar?

Bizdə qeyri-mədəniliyin kökü nədədir? Bir də görürsən bütün qonşular müraciət edirlər ki, qonşulardan biri musiqini qoyub, səhər tezdən axşama qədər oxudur. Bütün hamı da məcbur evdədir. Biz mədəni davranışı, başqasının haqqına girməyi hələ anlamırıq”.

F. Mustafa baş verənləri polisə qarşı təxribat adlandırıb və DİN-in keçirdiyi əməliyyatda heç bir narahatedici məqamın olmadığını bildirib.

“Polis kobudluq etsə, kiməsə nahaqdan söz desə mən başa düşərəm. Polis axı “botinka”nın içində bütün günü əziyyət çəkir. Evdə bəlkə də 5-10 dəfə ayağını yuyub təmizləməli olur ki, bütün günün ağrısı-acısı çıxsın. Ona görə də mən hesab edirəm ki, bu məsələdə çox ciddi tədbir görülməlidir. Qoy başqaları görsün ki, belə eləmək olmaz. Bunun adı təkcə tərbiyəsizlik, mədəniyyətsizlik deyil, bunun adı təxribatdır.

Polis deyir ki, küçəyə çıxma, vəssəlam. Təcili işin və ya xəstən varsa, əlaqə vasitələri var, zəng vur. Gəlməsə, onda çıx küçəyə ki, mən zəng vurmuşdum gəlmədi, özüm məcbur oldum. Bu zaman da polisə müraciət etmək lazımdır.
 
Mən bu məsələdə hər hansı bir şəkildə Azərbaycan polisinin qınanmasının tərəfdarı deyiləm. Polis həqiqətən böyük dəyanət göstərdi. Mən son vaxtlar insanlardan da eşidirəm ki, polislər kiməsə qarşı xüsusi bir kobudluq göstərmirlər. Araşdırıldıqdan sonra kiməsə əsassız bir ittiham irəli sürülərsə, kimsə incidilərsə, onda bu məsələyə münasibət bildirmək olar. Amma bir fakt baş veribsə, bunun izahatı alınmalıdır. Ona görə də məncə burada narahatedici heç bir məqam yoxdur”.

Qeyd edək ki, dünən sərt karantin rejimi zamanı saxlanan Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan bina sakininin aparılmasına görə polisin başına zibil atan sakinlərin yaşadığı mənzillərə bu gün çevik polis alayı yeridilib. Bununla bağlı həvəskar görüntülər artıq sosial şəbəkələrdə yayılıb.

1
Yeniavaz