Milli vasvası… - Elçin Hüseynbəyli yazır

ÖLKƏ
15:21 / 08.06.2020
1328

Elçin Hüseynbəyli

Ayyaqqabını çöldə çıxart! Heç yerə əl vurma! - deyir və türmə nəzarətçisi kimi qabağıma düşür. Qapıları və su krantını özü açır.

-Əlindəkiləri qoy hamama. İndi haydı balkona. Paltarlarını soyun. Bax belə. Yenə də hamama. Əllərini və üzünü möhkəm-möhkəm sabunla, yu. Yaxşı yu ha, elə elə ki, köpüklənsin. Uşağa əl vurma. Ay qız, haraaaa!

Hamamdan çıxıram. Nəvəm qabağıma yüyürür, əllərini geniş açır ki, qucağıma götürüm. Uşağın köynəyindən elə dartır ki, az qalır boğulsun.

-Dəniz, başına dönüm, darıxma, indi səni quç-quç edəcəm, -deyirəm və öz otağıma qaçıb, təzə paltar geyinirəm.

O isə məndən əl çəkmir:

-İndi get pul qabını, telefonları və açarları spirtlə. Təzədən əlini yu, uşağı da balkona və hamama qoyma! Mən aldıqlarını qablaşdırandan sonra azadsınız.

Belə deyir, özü isə qapıya tərəf qaçır, əvvəlcə qapının dəstəyini spirtləyir, sonra hamama gedir. Dükan-bazardan aldıqlarımı sabunla təmiz-təmiz yuyur. Bəzən sodalı paraşokdan da keçirdir. Sonra spirtləyir. Soyuducuya yığır. Çörəyi də spirtləyir.

-Çörəyi niyə!?

-Nə bilmək olar kimin əli dəyib.

-Çörək yüksək temperaturda bişir. Spirtin ona xeyri yoxdu.

Karantin günlərində bizim hər günümüz beləcə keçir.

Hələ bu harasıdır? Nəvəmizi gəzməyə aparanda başqa həngamə qopur.

-Heç yerə əl vurmayın. Nə sən, nə də Dəniz. Dəniz, oldumu?

-Oydu, - Dəniz deyir, amma səbəbini bilmir, əllərini qucağında çarpazlayır.

-Əllərini aç görüm.

-Niyə?

-Spirtləyəcəm, çünki əlini ayaqqabının bağlarına vurmusan.

İşə düşmüşük də.

-Dəniz, sən də əllərini aç.

-Bu uşaq axırda alkoqolik olacaq, -deyirəm, - onu nə qədər spirtləmək olar?

Liftin düyməsini salfetka ilə basır. İçəri keçməzdən əvvəl kabinəni spirtləyir.

-Burdan xlor iyi gəlir? - deyirəm.

-Hə, bayaq "domestos" vurmuşam, - deyir....- Maskanızı taxın!

-Uşağı əlindən buraxma, hər tərəf mikrobdur, uşağa keçər.

Çölə çıxırıq.

-Dəniz, qaçma!

Dəniz raket kimi qaçır. Mən də onun gödəkcəsinin "kapüşonundan" yapışmışam ki, yıxılmasın.

Evə qayıdırıq. Dilxoram. Həkim dostumuza zəng edib, başıma gələnləri deyirəm.

-Sənin bacın hər yeri spirtləyir, hətta çörəyi də.

Mikrafona qoymuşam ki, özü də eşitsin.

Həkim təəccüblənir:

-Çörəyi niyə? Spirtin virusa nə dəxli?

-Ala, özün başa sal.

Həkimlə uzun-uzadı danışırlar. Köhnə kşilər demiş, bizim ev adamı oxyub bildiklərindən üyüdüb tökür, çanki axşamacan virus və ondan qorunmağın yolları barədə oxuyur. Doxdur onu inandırmağa çalışır ki, spirtin xeyrindən çox, ziyanı var.

Mən rahat nəfəs alıram. O da həkimə hər şeyi anladığını deyir. Amma səhərisi gün yenə də eyni şey təkrarlanır. Əlahəzrət spirt işə düşür.

-Həkim dedi axı! Nə qədər pıs-pıs olar!? Qoy yerə o zəhrimarı!

O halını pozmur və deyir:

-Həkim deyir e, noolsun. Axı bizim evdə əmanət var, -nəvəmizə işarə ilə deyir.

Mən dəli olmamaq üçün öz otağıma qaçıb, bu sətirləri yazıram...

7 iyun, 2020

0
Olaylar.az