Kişilərimiz ağız-ağıza öpüşməklə virusa yoluxa bilərlər - Rəşid Mahmudov

22:11 / 09.06.2020
1407

"Çox təəssüf ki, insanlarımız hələ də koronovirusdan qorunmağa ciddi yanaşmaırlar. Anlamırlar ki, bu virus təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur və çox təhlükəlidir".


HİT.Az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bildirib.


Rəşid Mahmudov deyib ki, Azərbaycanda koronovirusa qarşı mübarizə tədbirləri vaxtında görüldüyü üçün digər dünya ölkələri kimi böyük itkilərlə üzləşmədik:


"Dünya ölkələrinə baxın, hər gün yüzlərlə insan bu virusdan ölür. Çox dəhşətli virusdur. İnsanlarımız bu xəstəliyə biganə yanaşmamalıdır, əksinə özlərini qorumalıdır, tibbi maska və əlcək taxmalıdır. İnsanlarımız hələ də anlamırlar ki, tibbi maska və əlcək taxmaqla nə qədər bu virusdan qoruna bilirlər. Bu gün ölkə Prezidenti də tibbi maska taxırsa, demək ki, qapımızı döyən bu təhlükədən heç kəs sığortalanmayıb. Mən bir həkim kimi Azərbaycan vətəndaşlarını koronovirusdan qorunmaq üçün qəbul edilən qərar və qaydalara əməl etməyə çağırıram. Bu, ilk növbədə insanlarımızın öz sağlamlığı üçün lazımdır".


Tanınmış alim insanları bir-birləri ilə öpüşüb görüşməməyə çağırıb:


"İndi dəb düşüb, kişilərimiz də ağız-ağıza öpüşüb-görüşürlər. Bunu etmək olmaz. Onlar virusa yoluxa bilərlər. Virusa yoluxmanın əsas səbəblərindən biri də öpüşməkdir. Belə etmək lazım deyil, öpüşməyin!".
 

1