Əliqismət Lalayev aktyorlarla qul kimi davranır, onları təhqir edir - AKTYOR

MƏDƏNİYYƏT
16:40 / 09.06.2020
1622

Son günlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevlə problem yaşayan əməkdar artist Çingiz Əhmədov Teleqraf.com-un suallarını cavanlandırıb.


 Müsahibəni təqdim edirik.

- Çingiz müəllim, teatrın rəhbəri Əliqismət Lalayev haqqında bir çox ittihamlar səsləndirdiniz. Qeyd etdiniz ki, Prezident mükafatı almağınıza mane olur, fəxri ad vermir və sair. Hazırda məsələ nə yerdədir?

- Xalq artisti İlham Namiq Kamal 9 il Prezident mükafatı aldı və sonra təqaüdə çıxdı. Bu, normal haldır və Prezident mükafatını almalıdır. Mən 2015-ci ildən 2018-ci ilə qədər Prezident Mükafatı alırdım. 2019-cu ildən mükafat ala bilmirəm. Teatrın rəhbəri Əliqismət Lalayev mane olur.

Axı, sən bu pulu öz cibindən vermirsən. Cənab prezident İlham Əliyev təqdim edir. Bunu etmək lazımdır və görsünlər ki, sən teatrın aparıcı simasına bu cür hörmət bəsləyirsən.

Mən onun otağına girdim və xahiş elədim ki, mükafat məsələsini həll etsin, problemlərim var. Mən toy məclislərinə getmirəm, sənətlə dolanıram. Cənab prezidentin mükafatına layiqəm və bunu mənə verin. Dedi ki, səndən başqa aktyorlar da var, onlar da mükafat almalıdırlar.

- Əliqismət Lalayev ilə şəxsi müstəvidə hansısa problem yaşamısınızmı?

- Xeyr, şəxsi müstəvidə problemlərimiz olmayıb. Teatra gəlişi yaxşı idi, sonra hegemonluq və ağalıq etməyə başladı. Teatrda aktyorları qul edib.

- "Qul edib" deyərkən nəyi nəzərdə turursunuz?

- İstəmir ki, aktyor artıq söz deməsin... Özü nə dedi o olmalıdır. Mən teatrda dörd direktor dəyişmişəm, onlar Əliqismət Lalayev kimi olmayıb.

- Bu problemlərdən sonra onunla əlaqə saxlamağa cəhd göstərdinizmi?

- Bu problemlərdən sonra onunla görüşməyə ehtiyacım yoxdur. Adam olsaydı, iddialara cavab verərdi. Ötən gün aparıcı Zaur Baxşəliyev də onunla əlaqə saxlamağa cəhd göstərdi, telefonu götürmədi. Bundan görünür ki, kim haqlı, kim haqsızdır.

- Bu problemlərin yaranmasına sizin televiziyada veriliş aparmağınız səbəb ola bilərdimi?

- Xeyr, 25 ildir aparıcı kimi də fəaliyyət göstərirəm. 37 ildir teatrda işləyirəm. Mənə heç bir maneəçilik yoxdur. Mən haqlıyam və bunu hamı bilir. Artıq tamaşaçılar da ayağa qalxıb ki, siz səhnədə olanda o, yox idi. Yaşda məndən böyük də olsa səhnədə mənim tamaşaçım olub.

- Bu məsələdən sonra sənət dostlarınızdan sizə kimlər dəstək oldu? Prezident mükafatından məhrum edilənlər sırasında əməkdar artislər Novruz Qartal və Nahidə Orucovanın da adını qeyd etdiniz...

- Bəli, Novruz Qartal dünən efirdə idi, amma Nahidə Orucova gəlmədi. Onun özünə zəng edin ki, niyə gəlmədi. Demişdi ki, gələcək. Onun haqqında heç nə deyə bilmərəm. Mən teatrın aparıcı aktyoruyam. Əliqismət Lalayevin özü də vurğulayıb ki, tamaşaçılar Afaq Bəşirqızı, Çingiz Əhmədov, İlham Namiq Kamalın adına gəlib, kassadan bilet alırlar. Bəs, bu nə dərəcədə düzgündür ki, sən mənə qiymət vermirsən.

- Afaq Bəşirqızı necə, sizə dəstəyini nümayiş etdirdi?

- Vallah, bilmirəm, zəng edib özlərindən soruşun. Mən güclə öz işimlə məşğul oluram.

- Çingiz müəllim, problemlərinizə görə bu günə qədər niyə susurdunuz?

- Mən problemlərimi Mədəniyyət Nazirliyinə demişəm, oraya dəfələrlə müraciət etmişəm. Mən cəbhə bölgələrində olmuşam, mükafatlar alanda, əməkdar artist fəxri adına layiq görüləndə Əliqismət Lalayevin heç nədən xəbəri olmayıb. Sadəcə onu demək istəyirəm ki, mükafatımı versin, məni yaddan çıxarmasın.

- Teatrdan sizin səsləndirdiyiniz iddialara cavab verildi ki, başqa aktyorlar da mükafat almalıdırlar. Bildirildi ki, sizin Əliqismət Lalayevlə çox gözəl münasibətiniz olub, bu iddiaları səsləndirməyiniz isə gözlənilməz hesab edilib.

- Bəli, onunla çox gözəl münasibətim olub, bunu danmıram. Mən hər zaman efirə çıxanda da deyirdim ki, belə bir gözəl insan nəhayət ki, rəhbər gəldi. Sonra hamı öyrəndi ki, kim kimdi... Teatra üç-dörd kamera qoydurub, oturub güdür ki, kim neynəyir. Bu nə vaxta qədər olacaq?

Otaqda hamını danlayır, nalayiq sözlər deyir. Aktyorlar başını aşağı salıb, qəbul edirlər. Mən buna dözə bilmədim. Aktyoru təhqir etmək olmaz. Aktyorun bir üzü kədərli, bir üzü sevinclidir. Aktyora qiymət vermək lazımdır.

Ulu öndər Heydər Əliyevin belə bir gözəl sözü var idi: "Aktyorun qəlbinə dəymək olmaz. Müğənni toy mərasimləri ilə başını girləyir. Aktyor teatrda olur. Elə bil ki, balığı akvariumda çıxarıb, yerə atırsan, ürəyi partlayar. Aktyor da elədir. Aktyorun qəlbinə dəymək olmaz".

- Çingiz müəllim, maddi vəziyyətiniz necədir? Məsələn, xalq artisti Ramiz Novruz qeyd etdi ki, ayda üç min qazanır.

- Teatrda 734 manat maaşım var. Bununla yanaşı nəyə çəkilirəmsə, qonorarımı alıram. Cənab prezdent İlham Əliyev çox sağ olsun, teatrımıza akademik statusu verib.

Mən sadəcə haqqımı istəyirəm. Teatrda bir çox aktyorlar var, məsələn, Rəsmiyyə Nurun nə fəxri adı var, nə də mükafat alır. Bu, adama pis təsir edir. Novruz Qartal 400 manata kirayədə yaşayır, acından ölür.

Əliqismət Lalayev mükafatı lazım olan adamlara vermir. Novruz Qartalın həyat yoldaşı şəkər xəstəsidir. Onun həyat yoldaşının dünən səhhəti pisləşdi və təcili yardım çağırdılar.

0