Dünya ölkələri sərhədlərini açır - SİYAHI

DÜNYA
16:20 / 09.06.2020
1462

Pandemiyanın qapatdığı dünya ölkələri tədricən sərhədlərini açır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyi iyun ayının sonlarında daxili sərhədlərini açacaq. Bu barədə avrokomissar İlva Yohanson daxili işlər nazirlərinin iclasından sonra açıqlama verib.

“Xarici sərhədlərin açılması iyunun 15-dən sonra müzakirə olunacaq. Hələ ki, Şengen zonası daxilində əlaqələri bərpa etmək lazımdır. Bundan sonra xarici sərhədlərə keçmək olar”-deyə Yohanson deyib. Avropa Birliyinin dünya ölkələri ilə əlaqəsinin bərpasının iyulun əvvəllərində müzakirə olunacağını açıqlayıb. İyunun 18-19-u tarixlərində baş tutacaq sammitdə sərhədlərin açılması ilə bağlı yekun qərar veriləcək.

İyunun 15-də İsveçrə Almaniya, Fransa və Avstriya ilə sərhədlərini açsa da, İtaliya ilə sərhədlər daha bir müddət qapalı qalacaq. Avstriya da Almaniya, Çexiya, Slovakiya və Macarıstanla sərhədlərini açıq elan etsə də, İtaliyadan gələnlərdən xüsusi tibbi arayış tələb olunacaq. İtalyanlara kimi, karantin rejiminin tətbiq olunmadığı İsveç sakinlərinə də xüsusi şübhə ilə yanaşılır. Danimarka, Norveç, Hollandiya və s. ölkələr İsveçlə sərhədlərini daha bir müddət bağlı saxlayacaq.

Yunanıstan iyunun 15-dən xarici  turistlərə iki əsas aeroportunu – Afina və Saloniki aeroportlarını açacaq. İyulun 1-dən isə ölkədəki bütün aeroportlar xarici reysləri qəbul etməyə hazır olacaq. Yunanlar 29 ölkəyə, əsasən Avropa ölkələrinin vətəndaşlarına icazə veriləcək. Onlar arasında İtaliya olmasa da, koronavirusun vətəni Çin yer alıb.

İyulun 1-dən isə Yunanıstan Albaniya, Şimali Makedoniya və Bolqarıstanla quru sərhədlərini açsa da, Türkiyə ilə sərhədlər bağlı qalacaq.

Cənubi-Şərqi Asiyanın turizm mərkəzlərindən sayılan Vyetnam iyunun 15-dən sərhədlərini dünya ölkələrinə açmağı planlaşdırır. Bu ölkədə COVID-19-la mübarizə Cənubi Koreya və Yaponiya kimi uğurla aparılıb. İyulun 1-dən isə Tailand xarici qonaqların qəbuluna başlayacaq.

Turizm sektorunun Ümumi Daxili Məhsul İstehsalının 12%-ni təşkil etdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələri isə hələ mayın sonlarından xarici uçuşları bərpa ediblər. Misir və Şri-Lanka sərhədlərini iyulun 1-nə qədər bağlı saxlamaq barədə qərar veriblər.

Türkiyə iyunun 15-dən, Gürcüstan isə iyulun 1-dən bir çox ölkələrdən, o cümlədən Azərbaycan turist qəbul etməyə hazır olduqlarını bəyan ediblər. Şimal qonşumuz Rusiya isə iyulun 15-dən Azərbaycan da daxil olmaqla, bir sıra MDB ölkələrinə hava uçuşlarını bərpa edəcək.  

0