Neftçala, Salyan yaşamaq üçün yararsız hala düşəcək - AÇIQLAMA

ÖLKƏ
17:36 / 10.06.2020
1225

Kür çayının səviyyəsinin azalması prosesi daha da sürətlənib.

Son 3 ay ərzində Kür çayında suyun azalması müşahidə olunur. Bununla yanaşı, Xəzər dənizinin suyu Kür çayına axır. Duzlu suyun artıq 30 kilometrə qədər irəlilədiyi bildirilib. Mövcud durum Neftçala rayonunun sahilboyu yaşayış məntəqələrində durumu daha da çətinləşdirib.

Belə ki, son aylar Neftçala rayonunun bir hissəsi içməli su sarıdan əziyyət çəkir. İnsanların içməli su təchizatının qarşınlaması üçün lazımi tədbirlər görülsə də, gələcəkdə daha ciddi təhlükə istisna olunmur. Bu günlərdə cəbhə bölgəsinə səfər edən ölkə başçısı İlham Əliyev suyun ermənilər tərəfindən kəsildiyini bildirərək bunu terror adlandırmışdı:

“Taxılçılıq, pambıqçılıq Tərtər üçün ənənəvi kənd təsərrüfatı sahələridir. Pambıqçılığa gəldikdə, Tərtərdə məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan üstündür. Hər hektardan 34 sentner pambıq götürülüb. Ölkə üzrə bu göstərici də yaxşı səviyyədədir, 29 sentnerdir. Amma Tərtər burada qabaqcıl yerlərdədir. Nəzərə almalıyıq ki, mənfur qonşularımız uzun illər ərzində Tərtərin suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur”.

Maraqlıdır, Azərbaycanın su təminatı ilə bağlı ehtiyat variantları varmı?

“Ekologiya Aləmi” İctimai Birliyinin rəhbəri Sevil Yüzbaşova Cebhe.info-ya açıqlamasında deyib ki, ümumiyyətlə, dünyada içməli su problemi hələ qarşıdadır və vəziyyət pandemiyadan da daha ağır olacaq:

“Azərbaycan Qafqaz ölkələri sırasında ən az içməli suya malik olan ölkədir. Nəzərə alsaq ki, bizim əsas su mənbəyimiz transsərhəd çaylardır ki, onlar da qonşu ölkələrin ərazisindən keçir. Bu çaylar o ərazilərdə çox ciddi çirklənmələrə məruz qalır. Belə ki, o ölkələrdə müxtəlif bəndlər və ya su elektrik stansiyaları tikilməklə su çirklənir. Düşmənlərimizin bu məsələdəki mövqeyini isə bilirik. 2016-cı ildə mən “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Brüsseldə keçirilən ekaloji qrupun iclasında iştirak etdim. Orada Ermənistan qeyri-hökumət təşkilatlarının hazırladıqları təqdimatı dinlədim. Təqdimatda qeyd etmişdilər ki, Ermənistan öz enerji ehtiyatını çayların üzərində tikilən su elektrik stansiyalarından ödəyir. Onların dediyinə görə, Ermənistan ərazisindən keçib, bizim əraziyə daxil olan, sonucda Kür-Araza birləşən çayların üzərində 114 su elektrik stansiyası tikiblər. Mən oradan gələndən sonra Bakıda başqa səpkidə keçirilən tədbirdə bu məsələni gündəmə gətirdim. Bütün ekoloqlar üstümə hücuma keçdilər ki, bura o məsələnin yeri deyil. Bəs, bu məsələnin yeri haradır? Bu günə qədər ayırd edə bilməmişik ki, bu məlumat niyə qulaqardına vurulur. Əgər bu, belə davam etsə, Azərbaycanı çox ciddi içməli su problemi gözləyəcək. Torpaqlarımız zatən şoranlaşıb, çaylarımız quruyacaq. Belə getsə, torpaqlarımız daha da şoranlaşacaq. Neftçala, Salyan ərazisi ümumiyyətlə, yaşamaq üşün yararsız hala düşəcək. Biz nə Xəzər dənizinin suyunu, nə də ordan çıxarılan nefti içəcəyik. Bunlar içməli olsaydı, çoxdan oranı da boşaltmışdılar və bizə qalmazdı. Amma bizə içməli su lazımdır. Xəzər dənizinin suyu artıq çaylara qarışıb və Salyan bölgəsində kranlardan artıq dəniz suyu gəlir. Bizə çaylarımızın suyu lazımdır. Hesab edirəm ki, bu məsələnin qlobal və dövlətlərarası, eləcə də siyasi müstəvidə müzakirələri aparılmaldır. Bu məsələni iqlim dəyişikliyinin üstünə yıxmaq olmaz. İnsan və dövlət faktoru bu məsələdə ciddi rol oynayır”.

Ekoloqun sözlərinə görə, hazırda Azərbaycanın su ilə bağlı ehtiyat variantları yoxdur:

“Əsas su mənbəyimiz və suvarmamız Kür, Araz çaylarıdır. Kür çayı Gürcüstandan keçib gəlir. Gürcüstanda isə o çayın başına nələr gətirilir, bir Allah bilir. Ermənistan isə qəsdlə yayda bizim suyumuzun qabağını kəsir. Bu qədər su elektrik stansiyası tikmək nə deməkdir? Anlıyıram, Ermənistan öz enerji ehtiyaclarını bu stansiyalar vasitəsilə ödəyir. Amma ikinci tərəfi də düşmənçilikdir. Belə çayların üzərində SES tikərkən qonşu ölkələrin mənafeyini də düşünmək lazımdır. Təbii ki, onlar bizə ziyan vurmaq üçün bacardıqlarını əsirgəmirlər. Afrika kimi isti ölkədə nə qədər təbii su ehtiyatları var. Amma biz dəniz kənarında yerləşək belə, su ehtiyatlarımız yoxdur. Məsələn, Goygölün suyu içməlidir. Bir dəfə orada oldum və ərazidə gedən tikintiləri görüb dəhşətə gəldim. Gölün ətrafında otel, mehmanxana tikib 3-5 manat qazanmaq su ehtiyatından dəyərlidir? Bu obyektləri 7 kilometr aralıda, Hacıkənddə tikmək olmazmı? O beşmərtəbəli binanın kanalizasiya suyu hara gedəcək? Təbii ki, Göygölə... Rüşvətxor və talançı məmurlar ölkəmizi bərbad vəziyyətə salıb. Təssüflər olsun ki, belə davam edərsə, bizi ağır su qıtlığı problemi gözləyir”.

0