Bu il qəbul imtahanın nəticələri fərqli olacaq - Etibar Əliyevdən proqnoz

ÖLKƏ
19:04 / 11.06.2020
945

“Bu il qəbul imtahanları prosesində də abituriyentlər üçün çətinlik olmayacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında Millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev deyib.

O bildirib ki, pandemiya bir çox sahələrlə yanaşı, təhsil sistemində də çətinliklər yaradıb: “Bu proses tək Azərbaycanda getmədi, dünyada təhsilin bütün pillələrində problemlər yarandı. Pandemiya qəbul prosesinə öz təsirini göstərdi. Əlbəttə, əvvəlki illərdə keçirilən qəbul planını olduğu kimi bu il tətbiq etmək doğru olmazdı. Bu, böyük narazılıqlara gətirib çıxara bilərdi. Ona görə də, Dövlət İmtahan Mərkəzi (DİM) Təhsil Nazirliyi ilə birgə razılığa gələrək, mart ayından indiyə qədər tədrisə daxil olan materialdan ibarət test tapşırığını aradan qaldırdı. Belə ki, mart ayından proqrama aid olan dərslər istisna olmaqla tədris ilinin 6 ayından olan materiallardan test tapşırığının tərtib olunması barədə razılığa gəlindi. Bu, abituriyentlərə edilən güzəşt idi. Bunu ən yaxşı çıxış yolu hesab edirəm”.

Etibar Əliyev onu da qeyd edib ki, yarımçıq qalmış dərs ilinin materiallarının şagirdlər tərəfindən necə mənimsənilməsinin mənzərəsi bəlli olandan sonra müəyyən təhlillər aparılacaq: “Bu ilin buraxılış və qəbul imtahanın nəticələri bir az fərqli olacaq. Proqram üzrə onlayn keçirilən dərslər nə buraxılış, nə də qəbul imtahanlarına salınacaq. Bu da onu deməyə əsas verir ki, bu il qəbul prosesində də abituriyentlər üçün çətinliklər olmayacaq. Çünki qəbul imtahanları da buraxılış imtahanında tətbiq olunan qaydalar əsasında aparılacaq. Hesab edirəm ki, martdan etibarən ayından şagirdlərə və tələbələrə keçirilən onlayn dərslər onlar üçün müəyyən qazanc oldu”.

0