Azərbaycanın antikorrupsiya trendi (TƏHLİL)

SİYASƏT
10:10 / 13.05.2020
1851

Böyük Britaniyanın York Universitetinin, Riqa Ali Hüquq Məktəbinin, Stanford Universitetinin İnkişaf üçün Liderlik Akademiyasının məzunu, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Səbuhi Rzayev "Azərbaycanın antikorrupsiya trendi" adlı məqalə yazıb.

Həmin məqaləni təqdim edirik:

Səbuhi RZAYEV

Son vaxtlar ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, həmçinin şəffaflığın və qanunun aliliyinin təmin edilməsi, korrupsiyaya qarşı başlayan sistemli mübarizə hər bir Azərbaycan vətəndaşı kimi mənim də diqqətimdədir. Məmur özbaşınalığının və korrupsiyanın cəmiyyət üçün, onun gələcəyi və inkişaf perspektivləri üçün doğurduğu təhlükə ümumi şəkildə hər kəsə aydındır. Lakin mən bu yazımda məsələyə bir qədər də geniş, daha dəqiq desək, dövlət təhlükəsizliyinin prioritetləri baxımından yanaşmaq istəyirəm".

"Məlum olduğu kimi, müasir siyasi və hüquqi nəzəriyyələrin istisnasız olaraq hamısı korrupsiyanı və rüşvətxorluğu dövlət təhlükəsizliyi üçün başlıca təhdid mənbələrindən biri kimi səciyyələndirir. Çünki, korrupsiya vətəndaşların konstitutsiya hüquqlarını məhdudlaşdırmaqla bərabər, dövlət hakimiyyəti və idarəetməsi mexanizminin bölüşdürücü funksionallığına birbaşa xələl gətirir. Dövlətin sosial-iqtisadi inkişafına, səmərəli dövlət idarəçiliyinə və beynəlxalq nüfuzuna, xarici siyasət maraqlarının həyata keçirilməsinə mənfi təsir göstərdiyinə görə korrupsiya dövlət təhlükəsizliyi üçün əhəmiyyətli bir riskdir.

Dövlət idarəçiliyində korrupsiya abstrakt bir məhfum deyil, o, dövlət idarəçiliyinə məsul olan və vəzifələrindən sui-istifadə edən şəxslərin yol verdiyi və cinayət məsuliyyəti yaradan əməli fəaliyyətdir. Belə şəxslər dövlət idarəçiliyinin yüksək səviyyələrində səlahiyyət sahibi olduqda korrupsiyanın mövcudluğu dövlətin təhlükəsizliyi üçün daha ciddi miqyasda təhlükə törədir. Buna görə də, milli təhlükəsizlik maraqlarının qorunmasına xidmət edən və cavabdeh strukturlar korrupsiya ilə mübarizə çərçivəsində korrupsioner məmurların müəyyən edilərək dövlət vəzifəsindən uzaqlaşdırılması, bu məmurların çirkin əməllərinin ifşa edilməsi iqtidarında olmadıqca korrupsiya daha böyük milli təhlükəyə və sosial narazılıqlara çevrilir", - məqalədə qeyd olunub.

Səbuhi Rzayev

Müəllifin sözlərinə görə, korrupsiya həm də ona görə milli təhlükəsizlik məsələsidir ki, bundan əziyyət çəkən ölkələrdə adətən xarici xüsusi xidmət orqanları tərəfindən dövlətin milli maraqlarının və suverenliyinin qorunmasına əks olan fəaliyyətlərin təşkilinə və siyasi qərarlarının verilməsinə asanlıqla təsir göstərmək üçün əlverişli zəmin yaradır: "Korrupsiyanın dövlət təhlükəsizliyinə mənfi təsirləri bir neçə əhəmiyyətli sahədə özünü göstərir: daxili və xarici siyasət, hüquqi, sosial və iqtisadi, təhsil, səhiyyə və digər sahələri qeyd etmək olar.

Beləliklə, korrupsiya

- Dövlət büdcəsinin səmərəsiz xərclənməsi nəticəsində dövlət strukturlarının düzgün fəaliyyətinə maneə yaratmaqla xalqın dövlətə inamını və cəmiyyətin funksionallığını azaldır;

- Ölkənin beynəlxalq imicinə olduqca mənfi təsir göstərməklə bərabər ölkədə investisiya mühitini korlayır və xarici sərmayələrin səviyyəsini azaldır;

- Kölgə iqtisadiyyatının mövqelərini gücləndirməklə iqtisadi inkişafı, azad sahibkarlığın təbliğini və sağlam rəqabət muhitini zəiflədir;

- Dövlət idarəçilik sisteminin əhalinin sosial rifahını artırılması istiqamətində etdiyi cəhdləri qeyri effektiv edir, sosial ədalətsizliyə və narazılıqlara səbəb olur.

Dövlət tərəfindən bu bəla ilə davamlı mübarizə aparılmasına baxmayaraq, hələ də yüksək vəzifəli şəxslər tərəfindən bucür əməllərin davam etdirilməsinin əsas səbəblərindən biri də bu sahədə daha sərt cəza mexanizminin tətbiq olunmaması idi. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq son aylarda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən korrupsiya ilə qətiyyətli mübarizə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəni bir daha ortaya qoyur. Dövlət maraqlarını şəxsi maraqlarına qurban verən vəzifəli şəxslərlə kəsərli mübarizə və sərt cəza tədbirlərinin görülməsi əhali tərəfindən çox müsbət qarşılanır.

Hazırda ölkəmizdə dövlət idarəçilik sisteminin inkişaf etdirilməsi və idarəetmənin səmərəliləşdirilməsi və müasirləşdirilməsi istiqamətində struktur və kadr islahatları həyata keçirilməkdədir. Bu sahədə indiyə qədər bir çox müxtəlif dövlət siyasətləri və milli proqramlar hazırlanıb, yerli və beynəlxalq layihələr tətbiq edilib. Dövlət idarəçilik sistemində məqsədyönlü islahatların aparılması çərçivəsində dövlət qurumlarının məhsuldarlığının, məsuliyyətinin, şəffaflığının, hesabatlığının artırılması, eləcə də dövlət qulluğunda kadr potensialının inkişafı hal hazırda olduqca zəruri məsələlərdir.

İndiyədək görülmüş tədbirlərin nəticə və təsirlərinin nəzərə alınaraq mütərəqqi beynəlxalq praktikaları və standartların milli çağırışlara, tələblərə və ehtiyaclara uyğunlaşdırılması əsasında bütövlükdə idarəçilik sisteminin mərkəzi və yerli səviyyələrdə daha da inkişaf etdirilməsi, idarəetmənin təkmilləşdirilməsi, o cümlədən dövlət qulluqçularının biliklərinin və bacarıqlarının müntəzəm və dayanıqlı surətdə artırılması olduqca önəmlidir.

Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların aparılması prosesində, ölkə rəhbərliyinin də qeyd etdiyi kimi ictimai nəzarət, cəmiyyətin ayıq olması, “gözətçi (watchdog)” rolu oynaması xüsusilə vacibdir. Bu nəzarət aparılan islahatlar fonunda korrupsiyanın mərkəzi və yerli icra hakimiyyəti strukturlarında, məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyətində tamamilə aradan qaldırılması vətəndaşların rifah halının yaxşılaşdırılmasına birbaşa təsir edəcəkdir.

Ölkədə insan kapitalının inkişaf etdirilməsi məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər gənc dünyanın nüfuzlu universitetlərində bakalavr, magistr və doktorantura dərəcələrinə yiyələnmişlər. Hər bir azərbaycanlı tələbənin xaricdə təhsil almasına dövlət illik ortalama 100 min dollar civarında maliyyə xərcləmişdir. Proqram çərçivəsində 1000-dən çox tələbə iqtisadiyyat, sosial elmlər və hümanitar ixtisas sahələri üzrə təhsil almışdır. Bu məzunların mənəvi öhdəliyidir ki, onlar xaricdə qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafı naminə tətbiq etsinlər. Çox təəssüf ki, müşahidələrimiz bu tələbələrin çox az hissəsinin dövlət qulluğuna və dövlət idarəçiliyinə cəlb olunduğunu göstərir. Bir halda ki, Dövlət Neft Fondunun maliyyə imkanları ilə bu gənclərin təhsil almasına şərait yaradılıb, xaricdə təhsil dövlət proqramının uyğun ixtisas üzrə məzunları Azərbaycanda dövlət idarəçiliyinin peşəkarlığının, dövlət qurumlarının institutsional potensialının və idarəetmə imkanlarının gücləndirilməsi istiqamətində dövlət siyasətinin və prioritetlərinin effektiv icrasında yaxından iştirak etməlidirlər. Korrupsioner məmurların vəzifədən uzaqlaşdırılması aparılan islahatlar çərçivəsində ilkin addım sayılırsa, növbəti mərhələdə əhalinin dövlətə etimadının daha da möhkəmləndirilməsi məqsədilə onların yerinə yerli reallıqları bilən, vətəndaşlarla düzgün ünsiyyət qurmağı bacaran, yüksək idarəetmə potensialı olan peşəkar kadrların dövlət idarəçiliyinə cəlb olunması önəmlidir.

Unutmayaq ki, Sinqapur dövləti korrupsiya ilə uğurlu mübarizədə məhz dövlət rəhbərliyinin göstərdiyi siyasi iradə nəticəsində hal hazırda dünyada iqtisadi azadlıq və inkişaf səviyyəsinə görə ilk sıralara qalxmışdır.

1
Report.az