Bakını ağlayaraq tərk elədim və bir daha oraya qayıtmadım - Rusiyalı müğənni

MAQAZİN
22:29 / 12.06.2020
2808

Veronika Borisova hələ də doğulduğu və uşaqlıq dövrünü yaşadığı şəhəri xatırlayır, vətənində baş verən dəyişiklikləri görmək üçün ora qayıtmaq arzusundadır.

Rusiya Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən "Soldatki" (Əsgər qızlar) layihəsinin finalçısı, rusiyalı müğənni, model Veronika Borisova ilk dəfə Sputnik Azərbaycan-a verdiyi müsahibədə doğulduğu Bakı haqqında danışıb və yaradıcılıq planlarını bölüşüb.

- Veronika, məlumdur ki, siz Bakıda doğulmusunuz. Bakıdakı uşaqlıq xatirələrinizi bölüşə bilərsinizmi?

- Bakıda keçirdiyim uşaqlığımla bağlı qırıq-qırıq xatirələrim var, çünki mən şəhəri məktəbəqədər yaşda tərk etmişəm. Yadımdadır ki, yaşadığımız ev tələbə yataqxanalarının yanında yerləşirdi. Amma orada tələbələr yox, qaçqınlar yaşayırdılar. Küçəmiz bazara çevrilmişdi və biz buradan keçəndə həmişə bacımla mənə konfet, qoz-fındıq verirdilər. Hətta bir dəfə mənə oyuncaq tapança hədiyyə etmişdilər.

Bir də xatirimdədir ki, aprel ayında yola düşməzdən əvvəl Hövsan qəsəbəsində yaşayan əmimgilə qonaq getmişdik. Biz çimərliyə getdik. Mən orada dənizdən keçən hansısa borunun üstünə çıxdım və müvazinətimi saxlaya bilməyərək palto ilə suya düşdüm. Özümə gələndə artıq sahildə idim. Bunun necə baş verdiyini heç özüm də başa düşmədim.

Bir də yadımdadır ki, Bakıdakı mənzilimizi satıb artıq başqa ölkəyə köçdüyümüzü biləndə nə qədər məyus olmuş və hətta ağlamışdım.

- Köçdükdən sonra Bakıya bir daha gəlmədiniz?

- Təəssüf ki, hələlik gəlmək imkanım olmayıb.

- Müğənni olmağa necə qərar verdiniz?

- Mən uşaqlıqdan vokalla məşğul oluram. Baxmayaraq ki, valideynlərimin musiqi ilə heç bir əlaqəsi yoxdur. Yadımdadır, birinci sinifdə oxuyanda bizə Musiqi Məktəbindən pedaqoq gəldi və dedi ki, kim oxumaq istəyir, əlini qaldırsın! Təbii ki, mən əlimi qaldırdım. Beləliklə, məni musiqi məktəbinə yazdılar və valideynlərim də buna bir söz demədilər.

- Siz oxumaqla yanaşı, həm də modellik edir və şeirlər yazırsınız. Gələcəkdə bunlardan ən çox hansına diqqət yetirmək niyyətindəsiniz?

- Modellik və şeir yazmaq mənim üçün hər halda daha çox hobbidir, nəinki peşə. Vokal üzrə isə ali təhsil diplomum var və bu günə qədər ixtisasımı artırıram. Bununla əlaqədar olaraq, şübhəsiz ki, əsas diqqəti oxumağa yönəldəcəyəm. Amma modellik və şeir yazmaqla da məşğul olmağa davam edəcəyəm.

- "Soldatki" layihəsinə necə düşdünüz? Layihə zamanı zədə ala biləcəyinizdən qorxmurdunuz? Axı siz, hər halda, müğənni və modelsiniz?

- Bir dəfə sosial şəbəkələrdən birində "qadın ordusu"nda kastinq elanını gördüm və tərəddüd etmədən müraciət etdim. Düzünü desəm, sonuna qədər inanmırdım ki, bu, əsl ordu olacaq. Elə bilirdim ki, biz hansısa səhnəni çəkəcəyik, tapşırıqları yerinə yetirəcəyik, boş vaxtlarımızda isə öz işlərimizlə məşğul olacağıq. Ona görə də səhhətimə görə heç bir qorxum yox idi.

- Bu layihədə sizin üçün ən çətin sınaq hansı idi?

- Mənim üçün layihədə ən çətini bütün gecəni səngərin qazılması idi. Bu, mənim həyatımda bir dönüş nöqtəsi oldu. Həmin gecə mən sadəcə iradəmi sınaqdan keçirdim. Bu, həm əyləncəli, həm də kədərli idi, eyni zamanda ədalətsizlik və qəzəb hissi yaşadım.

Bütün gecəni səngər qazdıq. Xəstə idim və bütün bədənim sanki əzilmişdi. Yalnız kənardan elə görünə bilər ki, burada mürəkkəb heç nə yoxdur. Şam yeməyini yemədik. Bu tapşırığı yerinə yetirmək psixoloji və fiziki cəhətdən çətin idi. Məhz bu tapşırıqdan sonra başa düşdüm ki, mən düşündüyümdən artığını edə bilərəm. Gücüm artıq bitib-tükənəndə, sanki dərhal haradansa gizli ehtiyat güc açılırdı.

- Bu zaman hər şeyi atıb getmək istəyi yaranmırdı?

- Layihənin bütün dövrü ərzində hər şeyi atıb getmək barədə heç bir fikrim olmayıb. Mən lap əvvəldən qarşıma məqsəd qoymuşdum ki, nəyin bahasına olursa-olsun, axıradək gedəcəyəm. Mən bütün işlərimi axıra çatdırmağa alışmışam.

- Əsl əsgər olmaq istərdinizmi?

- Müqavilə ilə xidmət etmək üçün getməzdim. Mənim fəaliyyət istiqamətim tamamilə fərqlidir. Layihə isə mənim üçün çağırış və təcrübədir.

Публикация от Вероника Борисова (@veronisia_borisova) 5 Апр 2020 в 1:03 PDT

- Finala qədər irəlilədiniz, amma qazanmadınız. Sizcə, niyə sizi seçmədilər?

- Düşünürəm ki, qalib gəlməməyimin səbəbi bölük komandiri olmamağımdır.

-Siz gözəl qızsınız, deyin görüm, hərbçilərdən kimsə sizə ürəyini açmadı ki? Və siz hərbçiyə ərə getməyə razılıq verərdinizmi?

- Mən həmişə sərhədləri və prioritetləri dəqiq müəyyənləşdirirəm. Bu layihəyə ərə getmək üçün qatılmamışdım. Həmişə işimi şəxsi həyatımdan ayırıram. Hərbçilər yaxşı, intizamlı insanlardır, amma hərbçi ər mənə uyğun gəlməz.

- Siz dəfələrlə demisiniz ki, bu layihədə iştirak etməkdə məqsədiniz məşhurlaşmaq idi. Məqsədinizə çatdınız?

- İzləyici əhatəm çox genişlənib. Bundan sonra da yeni üfüqləri fəth etmək niyyətindəyəm.

- İndi nə ilə məşğul olmaq fikrindəsiniz?

- Yaxın vaxtlarda öz müəllif mahnılarımı yazmağı planlaşdırıram. Onlardan biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunub. Koronavirus pandemiyasına görə, təəssüf ki, mən onu 9 maya qədər yazmağı bacarmadım. Ümid edirəm ki, yaxın zamanlarda bu planımı həyata keçirə biləcəyəm.

0
Sputnik.az