Biletlərlə bağlı “AZAL” yox, Operativ Qərargah qərar verir - Açıqlama

İQTİSADİYYAT
15:42 / 12.06.2020
1392

Son günlərdə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də “Azərbaycan Hava Yolları”nın təşkil olunan çarter reyslərlə bağlı “qapalı bilet” siyasətidir.

Belə ki, xaricdə olub Azərbaycana qayıtmaq istəyən azərbaycanlıların geri dönüşü üçün nəzərdə tutulmuş çarter reyslər pullu olsa da, vətəndaşlara açıq bilet satışı edilmir.

Qeydiyyatdan keçmiş şəxslərlə birbaşa əlaqə saxlanılır və həmin şəxs ödəniş edərək vətənə qayıdır. Lakin Türkiyə bu prosesi fərqli şəkildə həyata keçirir. Bu gün Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkəti Bakıdan İstanbula çarter reysi təşkil edir və həmin reyslər pullu olsa da, açıq bilet satışı həyata keçirilir.

Digər diqqətçəkən məqam da ondan ibarətdir ki, bu biletlər ilk olaraq Türkiyə vətəndaşlarına satılır. Əgər təyyarədə boş yer qalarsa, Türkiyədə yaşamaq icazəsi olan azərbaycanlılara da satılır. Bilet satışı isə konkret olaraq paytaxtın Xətai rayonunda, Xocalı prospekti, 37 ünvanında - THY-nin ofisinin yerləşdiyi yerdə satılır. Başqa bir məsələ isə bu yaxınlarda sosial şəbəklərdə İstanbul-Bakı çarter yeysinə 300 avroya bilet satılması haqqında məlumatın yayılmasıdır.

Hər iki məsələyə münasibət almaq üçün “AZAL”-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxladıq.

Cebhe.info-ya açıqlamasında Paşa Kəsəmənski deyib ki, biletlərlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verir:

“Biletlərlə bağlı “AZAL” yox, Operativ Qərargah qərar verir. Ona görə bu sualları onlara verin. Bilet satışı ilə bağlı və digər məsələlərin hamısı orada həll olunur”.

Paşa Kəsəmənski İstanbul-Bakı çarter reysinə 300 avroya bilet satılması xəbərinə də münasibət bildirib:

“Başqa reyslər üçün bilet satılmayıb. Çünki sərhədlər bağlıdır. Amma çarter reyslərdən söhbət gedirsə, bilmirəm. Mən onun haqqında heç bir şey deyə bilmərəm”.

0
Cebhe.info