Milli Qurtuluşa sıxılmış 15 güllə ... Rayon prokuroru belə gülləboran edildi

ÖLKƏ
15:46 / 14.06.2020
1879

Rüstəm Əbülfətoğlu

Bizi həmin tarixdən 27 il ayırır… Sözün əsl mənasında Azərbaycan üçün son dərəcə ağır, təhlükəli, çətinliklər və məşəqqətlə dolu 27 il…

Bu müddət ərzində doğrudan da bir çox sınaqlardan çıxdıq. Dövlət küçə təfəkkürlü insanların silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirməsindən tutmuş torpaqların ardıcıl işğalı, terror aktları, separatçılıq, siyasi böhran, anarxiya, xaos və özbaşınalıqla müşaiyət olunan iqtisadi tənəzzülə qədər bir çox ağır fəlakətlərə şahidlik etdi…

Bunları ona görə xatırlatdım ki, xidməti vəzifəsini icra edən polisin və deməli həm də dövlətin üzərinə dünən rahatlıqla zibil atan zehniyyət əminəm ki, bu 27 ildə bir dəfə də olsun, hətta bir anlıq belə bu ölkədə mövcud sabitliyin nəyin bahasına əldə olunması barədə təəssüf ki, heç vaxt düşünməyib. Düşünsəydilər, yəqin ki, ən azından dövlətə qarşı həqarət etməz, baş vermiş məlum təxribatda yer almazdılar….

Bəzi insanlarımıza nədənsə elə gəlir ki, bu dövlət, bu əminəmanlıq sanki göydən düşüb. Bəlkə də heç bilmirlər ki, bu dövləti parçalanmaqdan xilas etmək üçün yüzlərlə, minlərlə vətənpərvər polis, hərbiçi, ədliyyə və prokurorluq əməkdaşı elə həmin zehniyyətin əcdadlarının da vaxtı ilə sağ qalması uğrunda qəhrəmancasına vuruşub, mübarizə aparıb və nəhayət bu dövlətin mühafizəsi üçün canlarından keçiblər…

…Necə ki, məsələn 1993 cü ildə məlum iyun qiyamı zamanı dövlət mənafeyini hər şeydən üstün tutmuş Samux rayon prokuroru Şəmşir Əliyev ölkəni xaosa sürükləyən qiyamçı-polkovnik Surət Hüseynovun tanklı-toplu hərbi korpusunun qarşısına təkbaşına çıxmış, qanunsuz birləşmənin tərkisilah olunması və ətraf rayonların icra başçılarının zor gücünə dəyişdirilməsinin qarşını almağa çalışmışdır. Heç kimlə hesablaşmayan Surət Hüseynov bu çağırışa əməl etməyərək Vaqif Hüseynov adlı narkotaciri Samux rayonuna qanunsuz icra başçısı, təpədən dırnağa silahlanmış digər şəxləri isə başqa mühüm vəzifələrə təyin etmişdi. Xüsusi prinsipiallığı ilə seçilən Şəmşir Əliyev isə həbs sanksiyası verərək hakimiyyəti silah gücünə ələ keçirmiş bu qanunsuz birləşmə üzvlərindən bir çoxunun elə həmin gecə təcridxanaya göndərilməsinə nail olmuşdu. Prokurorun geri çəkilməyəcəyini görən cinayətkar dəstə həbsxana divarlarını tankla uçuraraq həbs edilmiş şəxslərin qaçışını təmin etmişdilər.

1993-cü il iyunun 7-də Gəncə şəhərində Nizami məqbərəsi adlanan ərazidə silahlı birləşmə pusqu quraraq içərisində Şəmşir Əliyevin olduğu avtomobilin qarşısını kəsib onu Kalaşnikov tipli avtomat silahlardan dayanmadan gülləboran etmişdi. 15 güllə yarası almış igid prokuror helikopterlə Bakıya çatdırılsa da, tarixi qismətindən məhz iyunun 15-də, Bakıda ümummilli lider Heydər Əliyevin Ali Sovetin sədri seçildiyi gün – Milli Qurtuluş günü vəfat etmişdir… Daha doğrusu, bütün təhlükələrə rəğmən dövləti canı bahasına qoruyaraq 44 yaşında şəhidlik zirvəsinə ucalmış Şəmşir Əliyev igidlik salnaməsi yazaraq arzusunda olduğu dövlərin Qurtuluş gününü ölümü ilə təbrik etmişdir….

Əbədi lider Heydər Əliyev Şəmşir Əliyevin bu şücaətini yüksək qiymətləndirərək ona şəhid statusu verməklə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif etmişdir.

…Bu hadisəni nümunə olaraq ona görə xatırlatdım ki, bu gün ümummilli liderin də, qəhrəmancasına həlak olmuş rayon prokurorunun da, canını bu dövlət üçün fəda etmiş yüzlərlə, minlərlə hərbiçi, polis nəfərlərinin də ən azı irsi davamçılarının mövcudluğu onu deməyə əsas verir ki, bu dövlət dünən olduğu kimi, bu gün də ən etibarlı əllərdədir.

Başqa sözlə bu dövləti, onun sabitliyini, əminəmanlığını qorumaq, ərazi bütövlüyümüzü təmin etmək üçün sinəsini 15, 25, 105… gülləyə sipər etməyə hazır olan yüz minlərlə qeyrətli vətən oğulları var ki, hər an Bütöv Azərbaycan üçün əmr gözləyirlər..

Milli Qurtuluş gününüz mübarək!

0
Konkret.az