Trampın bəyanatı: ABŞ Minsk Qrupundan çıxa bilərmi?

SİYASƏT
16:40 / 15.06.2020
1233

ABŞ-ın bütün münaqişələrdən çəkilməsi və heç bir ölkənin daxili siyasətinə qarışmaması Rusiya, Çin kimi ölkələrin daha ön plana çıxması deməkdir. Eyni zamanda, bu, ABŞ-ın müttəfiqləri üçün də bir sıra problemlərin başlamasına imkan yaradar.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın ölkəsinin artıq dünyada heç bir münaqişənin həlli üçün çalışmayacağı bəyanatını şərh edərkən deyib.

O bildirib ki, Trampın bu sözləri siyasi ajiotajdan başqa bir şey deyil:

“Bu gün heç kəsə sirr deyil ki, ABŞ-da prezident sadəcə “dərin dövlət” dediyimiz bir qurumun sözçüsüdür. Yəni ABŞ-da prezident vahid siyasi kurs və strategiya ilə hərəkət edir. Heç bir ABŞ prezidenti vahid siyasi kursdan kənara çıxa bilməz. Diqqət etsəniz, ABŞ prezidentləri çox fərqli xarakterə, siyasi görüşə malik olsa da, ABŞ siyasətində heç bir dəyişiklik olmur. Tampın “ABŞ artıq dünyada heç bir münaqişənin həlli üçün çalışmayacaq və heç bir ölkənin daxili siyasətinə müdaxilə etməyəcək" sözləri isə 200 illik ABŞ siyasətinə qarşı gəlməkdir. Yəni bu sözləri mən o qədər də ciddi qəbul etməzdim. ABŞ bu gün dünyanın 1 nömrəli super-dövlətidir və heç bir dövlət bu tituldan, bu statusdan rahatlıqla imtina etməz”.

Q.Hüseynlinin sözlərinə görə, Trampın bu sözləri ABŞ-ın Minsk Qrupundan da ayrılması deməkdir:

“Qarabağ münaqişəsi ABŞ-ın İran, Rusiya və Yaxın Şərq siyasətində əsas məqamlardan biridir. ABŞ-ın Minsk Qrupundan çıxması isə faktiki olaraq Rusiyanın Dağlı Qarabağ münaqişəsində tək söz sahibi olması deməkdir. Digər tərəfdən, bu gün ABŞ-ın Minsk Qrupunda yerini tutmaq istəyən Çin, Türkiyə, İran, hətta Almaniya, İspaniya, İrlandiya kimi Qərb ölkələri də var. Buna görə də düşünürəm ki, bu, sadəcə Trampın həmişəki kimi gündəmi məşğul etmək üçün işlətdiyi əsassız fikirdən başqa bir şey deyil”.

0