May ayında Azərbaycanda geyimlərin satışı rekord vurub.
HİT.Az FED.az-a istinadla xəbər verir ki, ilk 5 ayda ölkədə 2 milyard 173 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% azdır.
Qeyd edək ki, azalma koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, ilin əvvəlində – yanvar-fevralda satışların həcmi ötən ili üstğələyirdi. Yanvarda satış həcmi 541,7 milyon manat (ötən illə müqayisədə artım 4%), yanvar-fevralda 1 054,7 milyon manat (artım 3,9% ) olduğu halda, yanvar-martda satışlar 1545,7 milyon manat (azalma 3,6%), yanvar-apreldə 1 607,6 milyon manat (azalma 20,4%) və yanvar-mayda 2 172,9 milyon manat (azalma 18,1%) təşkil edib.
Bu dövrdə ən aşağı satış aprel ayında olub – cəmi 62 milyon manat.
Ümumi azalmaya baxmayaraq, may ayında satışlarda rekord artım baş verib. Belə ki, sərt karantin rejiminin yumşalmasından sonra əhalinin geyim mağazalarına axını başlayıb və bu da satışların kəskin artmasına səbəb olub.
Nəticədə yanvarda 541,7 milyon manat, fevralda 513 milyon manat, martda 491 milyon manat, apreldə isə 61,9 milyon manat satış olduğu halda, may ayında 565,3 milyon manatlıq ticarət edilib.