Məlum olduğu kimi, AZAL tərəfindən Naxçıvan MR-na uçuşlar iyunun 18-dən bərpa olunur. Tələbat çox olduğu və sosial ədalət prisinpi nəzərə alınıb. Bileti ilk növbədə alacaq şəxslərin siyasını müəyyən etmək Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinə həvalə olunub.
HİT.Az xəbər verir ki, nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov prosedurla bağlı ASAN Radioya eksklüziv açıqlama verib. O bildirib ki, hazırda nümayəndəliyin önünə yüzlərlə şəxs toplaşıb. Həmin şəxslərin siyahısı tutulur. Vətəndaşlar ilk olaraq Nümayəndəlikdə növbəyə durmalıdırlar. Siyahıyaalmada sosial cəhətdən həssas, xəstəliyi olan şəxslərə, yaşlılara, hamilə qadınlara, azyaşlı uşaqları olanlara, hətta Bakıda qalmağa yeri olmayan şəxslərə üstünlük verilir.
140 nəfərə əlavə bilet satılması barədə razılığa gəlinib. İyun 18-də 200 sərnişindən başqa 140 şəxs də Naxçıvana uça biləcək. Sosial izolyasiya tələblərinə əməl olunması üçün daha iritutumlu təyyarə ayrılıb.
Naxçıvan Nümayəndəliyi ilk reys üçün işləri yüksək səviyyədə yekunlaşdırıb və siyahı AZAL-a təqdim olunub. Adı siyahıda olan şəxslərin WhatsApp nömrələrinə onlayn bilet almaq üçün link göndəriləcək. Vətəndaşlar həmin linkə daxil olmaqla, Naxçıvana bilet ala biləcəklər. Eyni prosedur Muxtar Respublikada da həyata keçirilir. Bəxtiyar Əsgərov ASAN Radioya əlavə edib ki, artıq iyunun 23-ü üçün siyahı tərtib olunur.