Ermənitandakı biolaboratoriyalar kimin mülkiyyətidir?

DÜNYA
21:31 / 18.06.2020
1358

Ermənistan-Rusiya biolaboratoriyaları ilə bağlı memorandum məsələsi idarələrarası razılaşmalar mərhələsindədir. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin 11 iyun tarixində keçirilən mətbuat konfransında bəyan edib. “Hazırda epidemiya vəziyyətinə görə proses dayandırılıb. Rusiya tərəfinə gəldikdə, memorandumla bağlı erməni həmkarlarımızla danışıqlar barədə sürətli bir nəticəyə və razılığa gələcəyimizə ümid edirik”, - deyə bildirən səfir əlavə edib ki, saziş məsələsinin həlli Ermənistan, Rusiya və bütün postsovet məkanında sanitar-epidemioloji vəziyyətə müsbət təsir göstərəcək.

Ancaq rus səfirin bu əlavəsi İrəvanda olduqca qəribə qəbul edilib, çünki erməni tərəfi dəfələrlə bu laboratoriyaların ermənilərə aid olduğunu, ABŞ-ın dəstəyi ilə yenidən qurulduğunu və orada yalnız erməni mütəxəssislərin işləyəcəyini vurğulayıb.

Erməni politoloq Ruben Mehrabyanın sözlərinə görə, səfirin bu siqnalları Rusiyanın erməni biolaboratoriyalarına nəzarəti ələ keçirmək fikrindən vaz keçmədiyini sübut edir.

“Ancaq səfir gözləntilərində çox pis yanılır. Səfirin qaldırdığı məsələ erməni tərəfindən dəfələrlə hərtərəfli, tam ifadə edilməklə, şifahi və yazılı şəkildə izah edilib. Cənab Səfir “Google”da bu bəyanatları axtara və əgər bir anda başa düşməyə çətinlik çəkirsə, bütün onu narahat edən suallara cavab tapa bilər”, - deyə Mehrabyan bildirib.

O, sözlərinə əlavə edərək qeyd edib ki, bəli, bu laboratoriyalar Ermənistanın mülkiyyəti olduğu halda onlar bu biolaboratoriyaları öz nəzarətləri altına keçirmək istəyirlər.

“Rusiya Ermənistanın suverenliyini minimuma endirmək üçün mümkün olan hər şeyi etmək istəyir, lakin Ermənistan buna imkan verməyəcək. Qoy cənab səfir lazımsız xəyallara qapılmasın”, - deyə erməni politoloq qeyd edib.

Erməni hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, səfirin açıqlamaları Rusiyanın ABŞ-ın dəstəyi ilə yenidən qurulmuş erməni biolaboratoriyalarını nəzarətə götürmək istəklərinin hələ də davam etdirildiyini bir daha sübut edir.

“Üstəlik, bu istək deyil, Ermənistanın suverenliyinə birbaşa qəsddir. Bununla yanaşı, Sakunts Rusiyanın Ermənistandakı səfirinə xatırlatmağı lazım hesab edib ki, bu suveren dövlətlər arasındakı münasibətlər kontekstində uyğun olmayan bir məsələdir. Lakin bu, Putin rejiminin rəhbərliyi altında olan Kremlin postsovet bölgəsi ölkələri üzərində siyasi nəzarəti əldə etmək üçün istifadə etdiyi açıq-aşkar vasitələrdən biridir. Bu yolverilməzdir. Bu, digər dövlətlə dövlətlərarası münasibətlər baxımından da yolverilməzdir. Xatırlatmaq istərdim ki, vaxtilə Baş nazir başqa bir dövlətlə münasibətlərin digər bir dövlətlə münasibətlər hesabına normallaşdırılmamasının zəruriliyini vurğulayıb.

ABŞ isə erməni biolaboratoriyalarının yenidən təchiz edilməsi üçün vəsait ayırıb. Bu, Ermənistan-ABŞ əlaqələri çərçivəsində baş tutub, bu da Ermənistan-Rusiya münasibətləri ilə əlaqəli olmamalıdır. Kremlin postsovet dövlətlərinin suverenliyinə qarşı belə istəkləri və qəsdləri olduğu aydındır. Bu, Putin rejiminin təbiətindən irəli gəlir və hibrid müharibəsi məntiqinə uyğundur. Biolaboratoriyalar olmasaydı, Rusiya tərəfi hibrid müharibəsini həyata keçirmək üçün başqa bir fürsət axtaracaqdı”, - deyən Sakunts artıq burada Ermənistan hakimiyyətinin məsələsinin olduğunu vurğulayır.

O qeyd edir ki, Ermənistan hakimiyyəti Rusiyaya Ermənistanın suverenliyinə, Ermənistanın hər hansı digər ölkə ilə münasibətlərində hər hansı bir şəkildə təxribata əl atmasına yol verməməlidir.

Jurnalistin “Ermənistan hökumətinin, atom elektrik stansiyasının yenidən qurulması üçün Rusiya kreditindən imtina etməsi barədə qərarının, Ermənistanın suverenliyini möhkəmləndirmək üçün konkret addımlar atmasına ümid ifadə etdiyini demək olarmı?”, deyə verilən suala cavabında Sakunts bunun vacib bir məsələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, kreditdən imtina əsasən Ermənistan hakimiyyətinin beynəlxalq əməkdaşlığın dövlətin inkişafı üçün əhəmiyyətli mənbə hesab edilməməsi ilə bağlı mövqeyi ilə əlaqədardır.

Bununla yanaşı, Sakunts atom elektrik stansiyasını nümunə gətirərək qeyd edib ki, məsələn, beynəlxalq konvensiya çərçivəsində fəaliyyət göstərən nüvə stansiyaları reaktorlarında MAQATE formatı mövcuddur, lakin erməni biolaboratoriyaları ilə əlaqəli belə bir mexanizm yoxdur, çünki bu laboratoriyalarda bioloji silahlar və ya buna bənzər şeylər hazırlanmır.

“Burada yalnız epidemiya əleyhinə vəziyyətlə bağlı araşdırmalar aparılacaq. Buna görə Rusiyanın ABŞ-la mürəkkəb münasibətlərini ABŞ-la əməkdaşlıq edən Ermənistanın üzərinə köçürməsi yolverilməzdir. Üstəlik, bu, Ermənistan-Amerika münasibətlərində müəyyən narahatlıqlara səbəb ola bilər. Əgər Ermənistan bu məsələdə güzəştə getsə, bu, Ermənistanın etibarlı tərəfdaş kimi öz nüfuzunu itirməsi deməkdir”, - deyə erməni hüquq müdafiəçisi bildirib.

Bütün bunlarla yanaşı, Sakunts Rusiyanın erməni biolaboratoriyalarına nəzarəti ələ keçirmək istəyinə toxunaraq Rusiya tərəfinə xatırladır ki, bu günə qədər Ermənistan ərazisində fəaliyyət göstərən Rusiya bazalarına real və effektiv nəzarət yoxdur.

“Həqiqi nəzarətə ehtiyac olduqda, silahların olduğu yerlərdə, hətta hökumətlərarası razılaşmalara əsasən silahlı qurum öz ərazinizdə olsa da, lakin həmin müqavilələrlə nəzərdə tutulan, silah saxlanılan bir qurum üzərində nəzarət tələb olunur. Ermənistan bu məsələni Ermənistan-Rusiya münasibətlərində gündəmə gətirməlidir. Bundan başqa, Rusiya tərəfi bazanın ərazisi üçün heç bir qəpik də ödəmir. Başqa sözlə, ABŞ-ın ödədiyi bir yerdə Rusiya tərəfinin varlığına icazə veririk və ya onlara bununla bağlı məsələ qaldırmasına imkan veririk, amma əslində ödədiyimiz yerlərdə heç bir nəzarət mexanizmimiz yoxdur. Bununla belə, asimmetrik vəziyyətin bir gündə meydana gəlmədiyi aydındır. Bu, bizim indi miras aldığımız əvvəlki rejim dövründə yaranmışdı”, - deyə Sakunts bildirərək əlavə edib ki, Ermənistanın yeni hakimiyyəti bu pis irsin nəticələrini və səbəblərini aradan qaldırmaq üçün səy göstərməlidir.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bir müddət əvvəl biolaboratoriya məsələsinə toxunaraq, Ermənistanda fəaliyyət göstərən bioloji laboratoriyaların Ermənistana məxsus olduğunu və Ermənistanın dövlət orqanları tərəfindən tam nəzarət edildiyini vurğulamışdı.

“Erməni tərəfi dəfələrlə bəyan edib ki, laboratoriyaların heyəti yalnız Ermənistan vətəndaşlarından ibarətdir, laboratoriyaların ərazisində xarici mütəxəssislərin olması istisna olunur. Bioloji təhlükəsizlik haqqında Rusiya ilə Ermənistan arasında Anlaşma Memorandumu, Ermənistandakı bioloji laboratoriyalarla əlaqəli məsələləri deyil, rus mütəxəssislərinin giriş hüququ ilə bağlı yox, dəfələrlə qeyd etdiyimiz kimi, bioloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı geniş məsələləri əhatə edir. Mövcud memorandum layihəsi laboratoriyaların iş sahəsinə daxil olma və ya hər hansı birtərəfli nəzarət hüququna zəmanət vermir”, - deyə Ermənistan XİN-in rəsmisi bildirib.

0
Ordu.az